Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti, Çin Xalq Respublikasının xarici işlər nazirinin xüsusi köməkçisi Vu Haylonqu qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüşdə Bakıda keçiriləcək VII Qlobal Forumun əhəmiyyətinə toxunuldu, bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə töhfə verdiyi vurğulandı.
Qəbula görə minnətdarlığını bildirən Vu Haylonq Azərbaycana səfərindən və bu tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. O, Çin ilə Azərbaycan arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycan-Çin əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Çinə rəsmi səfərlərini xatırlayan Prezident İlham Əliyev orada Çin Xalq Respublikasının Sədri ilə keçirdiyi görüşlər zamanı iqtisadiyyat, ticarət, infrastruktur, nəqliyyat və digər sahələrdə əlaqələrimizin inkişaf perspektivləri barədə səmərəli müzakirələrin aparıldığını qeyd etdi.