“Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu Azərbaycan ictimaiyyətinin arzu və istəyini özündə ehtiva edir, Prezident İlham Əliyevin xalq üçün gördüyü işlərə verilən qiymətdir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib.
Onun sözlərinə görə, ölkə başçısının sonuncu prezident seçkilərindən sonra bir il ərzindəki fəaliyyəti, əldə olunan uğurlar göz önündədir: “Azərbaycan iqtisadiyyatının inkişafı, sosial siyasətdəki nailiyyətlər, xarici siyasətdə görülən xeyli işləri sadalamaq olar”.
Vüqar Rəhimzadə son bir il ərzində bir sıra böyük regional layihələrin reallaşdırıldığını xatırladıb: “Sorğu Azərbaycan prezidentinin cəmiyyətdə insanlara verilən dəyərin nümunəsini özündə əks etdirir. Ölkə başçısının gördüyü bütün işlər insan amilinə söykənir və vətəndaşların yaxşı yaşamasına istiqamətlənir”.
Baş redaktor qeyd edib ki, prezidentin regionlara səfərləri çərçivəsində insanlarla birbaşa təmasda olması, ünsiyyət qurması, onların arzu istəklərinə uyğun qərarların qəbul olunması insanlar tərəfindən yüksək qarşılanır: “Bütövlükdə Azərbaycanda son aylarda həyata keçirilən sosial islahatlar bir çox ökələrə nümunə ola biləcək işlərdir. Azərbaycan dövlətinin və prezidentinin vətəndaşlarına diqqət və qayğısını ehtiva edən yüzlərlə işləri saymaq olar. Bu gün prezident seçkiləri keçirilsə, respondentlərin böyük əksəriyyəti Azərbaycan prezidentinə səs verəcəyi təsdiqlənir”.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan cəmiyyəti prezidentin onlara göstərdiyi qayğını yüksək qiymətləndirir: “Ölkəmizdə iqtidar-xalq birliyi var, cəmiyyətimiz prezidentimizə dəstəkdir, həyata keçirdiyi bütün layihələrdə ölkə başçımızın yanındadır. Cəmiyyəti düşündürən istənilən məsələdə prezident xalqla həmrəylik nümayiş etdirir. Vətəndaşlar ölkədəki mövcud sabitliyi Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirirlər”.
Nərgiz