Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir:
"Zati-aliləri möhtərəm Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi və ölkənizin qardaş xalqını ürəkdən təbrik etmək, Sizə ən xoş və səmimi arzularımı bildirmək mənə böyük məmnuniyyət bəxş edir.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın sosial-siyasi həyatında reallaşdırılan əsaslı islahatları, ölkənizin iqtisadi potensialının və nüfuzunun artırılması işində qazanılan sanballı uğurları məmnuniyyətlə müşahidə edirik.
Əminəm ki, bizim birgə səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı inkişaf arzu edirəm".
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir:
"28 May – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Mart ayında Sizinlə Qlobal Bakı Forumu çərçivəsində görüşməkdən, Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında münasibətlərin müxtəlif sahələrinə dair müzakirələr aparmaq imkanı əldə etməkdən çox məmnun oldum. Bu gün əlaqələrimizin daha da inkişaf etməsini görməkdən də çox məmnunam.
Ölkələrimiz arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın genişlənməsi arzumu ifadə etməklə yanaşı, inanıram ki, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə daha böyük inkişafa nail olacaqdır.
Zati-aliləri, Sizə cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram".