Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi, professor Famil Mustafayev haqqında bəzi saytlarda həqiqətə uyğun olmayan, şantaj xarakterli yazılara rast gəldik. Təəssüf ki, bəzi üzdəniraq insanlar, anonim imzalarla elm mərkəzi olan AMEA-nın adından F. Mustafayevin ünvanına böhtan xarakterli yazılar verməklə əslində Azərbaycan elminin inkişafında böyük xidmətləri olan alimin fəaliyyətinə kölgə salmağa çalışırlar.
Bunu da xatırlatmağı özümə borc bilirəm ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev elmimizin inkişafı və tərəqqisi yolunda lazımi addımlar atır və bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.
Xüsusilə də, Respublika Prezidentinin Ali Attestasiya Komissiyasına bacarıqlı və səriştəli kadrlar təyin etməsi onun Azərbaycan elminə ciddi önəm verdiyini göstərən əsas göstəricilərdən biridir. Məhz F. Mustafayevin belə mühüm və gərəkli bir quruma rəhbərlik etməsi Azərbaycan xalqına xidmətin bir nümunəsidir.
Qeyd etməliyik ki, F. Mustafayevin bəzi Azərbaycan elminə ləkə olan alimləri bu mötəbər qurumdan uzaqlaşdırması ona qarşı qarayaxma kompaniyasına rəvac vermişdir. Onlar saxta yollarla uzun müddət Azərbaycan elminə nəinki xidmət etmiş, hətta mən deyərdim ki, rüşvətxorluqla, əliəyriliklə alim adına yaraşmayan hərəkətlərlə elmimizə mənəvi zərbələr vurmuşlar.
Buna görə də bu cür savadsız və saxta alimlərin işdə qalması təbii ki, qeyri-mümkündür və elmimizə zərbə vurmaqdan başqa onların bu mötəbər qurumda heç bir rolu ola bilməz. Buna görə də mən Famil Mustafayevin verdiyi qərarı haqlı hesab edirəm. Belə insanlara elm aləmində yer yoxdur. Şübhəsiz ki, öz mənafeyini güdən belə alimlər haqlı cəzalarını aldıqları üçün müxalif qüvvələrə çevrilmiş və böhtanla, şərlə F. Mutafayevə ləkə yaxmaqla məşğuldurlar. Ancaq onlar bir şeyi unutmasınlar ki, təmiz insanlara heş bir ləkə yaxmaq olmaz. “Yalan ayaq tutar, yeriməz” deyib atalarımız.
Şəxsən mən Famil Mustafayevin qəbulunda olarkən onun necə səmimi, sadə, qayğıkeş, əsl ziyalı olduğunu gördüm. Onun qəbuluna gələn insanlarla rəftarının şahidi oldum. O, bu vəzifəyə təyin olunandan sonra korrupsiyaya qarşı kəskin mübarizə aparır və plagiatlığın qarşısını əzmkarlıqla alır.
Mən bir ziyalı kimi ona bir neçə təkliflə müraciət etdim, Famil müəllim bu təklifləri çox böyük minnətdarlıqla qarşıladı və ondan bəhrələnəcəyini qeyd etdi. Mən bu məqamda da onun öz ziyalı həmkarlarına qarşı böyük diqqət və qayğısıı gördüm. Doğrudan da, o, sözün əsl mənasında tutduğu vəzifəyə layiq olan və neqativ hallara qarşı barışmaz mövqedə dayanan obyektiv insandı. Azərbaycan elminin Famil Mustafayev kimi alimlərə böyük ehtiyacı vardır. Çünki Azərbaycan elminin ağırlığı belə ziyalıların çiyinləri üzərində dayanır.
Bu cür alimlər həm Respublika Prezidentinin apardığı elm və təhsil siyasətinə dəstək verir, həm də xalqımızın maariflənməsi yolunda böyük və misilsiz işlər görürlər. Biz inanırıq ki, cəmiyyətimizin sağlam düşüncəli insanları, böyük ziyalı ordusu Famil Mustafayevin çox doğru bir yolda olduğunu görür və hər məqamda onu dəstəkləməyə hazırdırlar.
Vüqar Əhməd
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun“Mətbuat tarixi və publisistika” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor