Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi ermənilər üçün çox ağır məğlubiyyətdir. Bu qərar ermənilərin Qarabağ ətrafındakı son 30 ildə fəaliyyətin birdən-birə sındırılması və iflasa uğradılması deməkdir. Çünki onlar bu məsələyə ciddi hazırlaşmış və böyük çaba sərf eləmişdilər.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nı siyasi baxımdan tanıtmağın mümkün olmadığını yaxşı bilirlər: “ Ona görə ki, beynəlxalq hüquq və Azərbaycanın mövqeyi buna imkan vermir. Qarabağı idman və mədəniyyət müstəvisində tanıdıb qəbul etdirmək istiqamətində plan hazırlamışdılar. İdman yarışları keçirir, şəhərlərin qardaşlaşması proqramları keçirirdilər, Fransa məhkəmələrinin qərarı onların planlarını ifşa etdi. Bu, təkcə 5 şəhərlə dostluq xartiyaların ləğv edilməsi deyil, həm də yeni presedent yaratdı. Bu cür hadisələr gələcəkdə məhkəmələr üçün də əsas olacaq ki, nəticədə başqa şəhər və mədəniyyət məsələlərində Qarabağa yönəlik addımlar atılmasın. Azərbaycan hakimiyyətinin apardığı fəaliyyət, diplomatiyamız bu sahədə çox ciddi uğur əldə etdi”.
“Ermənilər çaşqın vəziyyətdədir, nə edəcəklərini bilmirlər”
Müşfiq Ələsgərli qeyd edib ki, Ermənistan siyasi, iqtisadi, hərbi baxımdan Azərbaycana uduzmuş dövlətdir, onların yeganə üstünlüyü diaspor məsələsində idi: “Erməni diasporunun ən güclü olduğu dövlətlərdən biri olan Fransada Azərbaycanın qələbə çalması təbii ki, ermənilərdə təşviş yaratmalıdır, çünki onlar üçün sərt təpki xarakteri daşıdı. İndiyə qədər Qarabağ sahəsində qazanılmış nailiyyətlərin hamısının cəmi qədər olan bir hadisədir. Təbii ki, ermənilər çaşqın vəziyyətdədir, nə edəcəklərini bilmirlər. Gah erməni dövlətini, gah hakimiyyəti, gah da diasporu tənqid edirlər. Bir müddət keçəcək və sakitləşəcəklər, soyuq başla fikirləşəndə yəqin Azərbaycanın üzərinə yeni bir hücum kampaniyası təşkil edəcəklər. Azərbaycan cəmiyyəti bunu nəzərə alıb intiqam ruhunun söndürülməsi, əks-zərbə vurmaq üçün hazır olmalıdır”.
“Təsəvvür etməzdilər ki, Fransada məğlub olarlar”
O, erməni əsilli Fransa politoloqu Gaids Minassian bu həqiqətləri etiraf edərək bütün baş verənlərə görə həm də Ermənistan və erməni lobbisinin məsuliyyət daşıdığına dair fikirləri də şərh edib: “Etiraf vicdan məsələsidir ki, həqiqəti etiraf edəsən. Amma ermənilərdə etiraf görmürəm, bu, zərbənin gücündən yaranmış özünü itirmə halıdır. Zərbə o qədər güclü və təsirli olub ki, bunlar özlərini itiriblər və bütün sirlərini açıb-tökürlər. Zaman keçəcək və bunlar ayılacaqlar, çox çaşqın vəziyyətdədirlər, çünki zərbə güclü və gözlənilməz olub. Onlar heç vaxt təsəvvür etməzdilər ki, erməni lobbisinin ən güclü olduğu Fransada məğlub olarlar. Bu, onlar üçün sarsıdıcı zərbədir. Bunu erməni yazarın harayına, qışqırtısına bənzədirəm. Əslində etiraf deyil, etiraf soyuq başla verilən qərar, vicdan məsələsidir. Bir daha qeyd etmək istərdim ki, bu, həyəcandan yaranmış, özünüitirmə halında verilən bəyanatdır. Belə də olmalı idi. Azərbaycan dövləti gec-tez sözünü deməli idi, ermənilərin aldatdıqları, tora saldıqları, indiyə qədər öz tərəfinə çəkdikləri dövlətlər, təşkilatlarla iş aparıb nəticə əldə olunmalı idi. Bunu da bacardıq”.
“Bu, adi məhkəmə qərarı deyil”
Gaids Minassianın “Le Monde” qəzetinin elektron versiyasında rəhbər şəxslərdən biri olduğunu xatırladan Müşfiq Ələsgərli vurğulayıb Fransada yaşasa da, tez-tez Ermənistana gedib gəlir, aprel döyüşlərdən sonra Fransa mətbuatında Azərbaycana qarşı çirkin kampaniya təşkil edənlərdən biri olub: “Bu həm də “Le Monde”nin Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında hansı məqamın durduğunu nümayiş etdirir. Son vaxtlar erməni dövlətinin özündə o cür faktlar bütün beynəlxalq təşkilatlarda açılır. Millət vəkili Səməd Seyidov çox vacib məqamı vurğuladı ki, beynəlxalq təşkilatlar Ermənistanda gəlib seçki prosesini izləyib demokratik seçki dedilər, ardınca inqilab oldu, onu tərifləməyə başladılar.
Paşinyan Avropa Şurasında çıxış edəndə siyasi dustaq olduğunu deyir, onu alqışlayırlar, Azərbaycan diplomatları da bu faktı açdı ki, əgər siyasi dustaq olubsa zamanında niyə Avropa Şurasına təpki göstərilməyib? Zaman-zaman ermənilərin qurduğu yalançı təbliğat, imic hamısı dağılır və bu sahədə də pik nöqtə Fransa məhkəmələrinin Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi barədə qərar oldu. Buna adi məhkəmə qərarı kimi baxılmır. O qədər böyük hadisədir ki, Azərbaycan diplomatiyası uğur əldə etməklə, 7-8 başqa istiqamətlərdə də nailiyyət qazanmış oldu. Erməni siyasətinin üzü açıldı, onların gücsüz və qondarma dövlət olduqları ortalığa qoyuldu, həm də yeni presedent yarandı”.