20 İyun 2019 19:05
2 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Prezindet İlham Əliyevion bu gün imzaladığı sərəncamla Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri birinci müavini vəzifəsindən azad edilib. Dövlət başçısının imzaladığı digər bir sərəncamla Vilayət Eyvazov daxili işlər naziri təyin edilib.

Teleqraf.com V.Eyvazovun bioqrafiyasını təqdim edir.

Eyvazov Vilayət Süleyman oğlu 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005-ci il tarixli 753 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunub. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli fərmanı ilə “Azərbaycan Bayrağı”,2014-cü il 1 iyul tarixli 598 nömrəli sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

Ailəlidir. Üç övladı var.


Müəllif: Səxavət Həmid