“Avropa İttifaqının vətəndaş cəmiyyəti adı altında müxalifət adlanan qurumun “peyk” təşkilatlarına ayıracağı 3 milyon doğrudanmı vətəndaş cəmiyyətinin inkişafına xərclənəcək? Təbii ki, yox”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, Ukrayna hadisələri göstərdi ki, Avropanın bu tip yardımlarından sonra vətəndaş cəmiyyəti quruculuğu yox, xaos, qarşıdurma, vətəndaş müharibəsi baş verir: “Ümumən mən hansısa təşkilatların xarici fondlardan qrant almasının əleyhinə deyiləm, əgər həmin vəsait, doğrudan da, vətəndaş cəmiyyətinin inkişafına xidmət edirsə. Ancaq Ştefan Fülenin cənfəşanlıqla Bakıda bunu bəyan etməsi və vəsaitin ayrılması barəsindəki açıqlaması bizləri düşündürməlidir. Avropa İttifaqi qrant müsabiqəsi elan edibmi? Ora layihələr təqdim olunubmu? Bu şəkildə birbaşa pul yardımı hesab edirəm ki, müstəqil dövlətin daxili işinə qarışmaq və birbaşa müdaxilə hesab edilməlidir. Əlaqədar qurumlar bu vəsaitin köçürülməsinin qarşısını almalı və Avropa İttifaqından izahat tələb olunmalıdır. Azərbaycan dövlətinin yiyəsi bu xalqdır. Kimin özünə nə ad qoymasından asılı olmayaraq, bu xalqın adından danışmaq səlahiyyəti heç kimə verilməyib. Qəti əminliklə deyirəm ki, Azərbaycanda formalaşmış müxalifət təşkilatı yoxdur. Özünü müxalifət adlandıran qurumların hamısı xaricdən və hətta daxildən də müəyyən qüvvələrdən maliyyə alaraq özlərinə "müxalifət" şirkətləri açıblar”.
A.Xəlilov bildirib ki, müharibə gedən ölkədə ümumilikdə demokratiya anlayışının bəzi müddəaları məhdudlaşdırılmalıdır: “Mən bunu normal hesab edirəm. Digər tərəfdən Ştefan Füle cənablarının diqqətinə çatdırmaq istərdim ki, az qala faciə durumda adlandırdığı o "vətəndaş cəmiyyəti" və "müxalifət" qüvvələrini istənilən digər iqtidar yönümlü adlandırdıqları QHT-lə müqayisə etsə, başqa mənzərənin şahidi olar. Əgər o qüvvələrin həyat şəraitinə, əyləşdikləri ofislərə, hər gün sosial şəbəkələrdə qoyduqları xarici səfərlərin fotolarına baxsaq, onlarla müqayisədə tam səmimi şəkildə deyə bilərəm ki, şəxsən mən bir müstəqil QHT sədri kimi bu imkanlardan məhrumuq. Mənim kimi də digərləri..”
BƏXTİYAR