21 Sentyabr 2019 13:10
2 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tullantılar dəniz və okeanlarda balıqların yeminə çevrilir, nəticədə bu balıqları biz və övladlarımız yeyirik".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas deyib.

O bildirib ki, insanlar təbiətə qarşı daha qayğıkeş və qoruyucu davranmalıdır: "Bu gün bir sıra dövlət və xarici diplomatik korpusun nümayəndələri, könüllülər Bakı çimərliyində toplaşıb. Biz dəniz sahilini plastik tullantılardan təmizləmək istəyirik. Niyyətimiz təkcə təmizlik deyil, mən həmçinin ictimaiyyətin diqqətinə bir nüansı da çatdırmaq istərdim. Mağazalarda aldığımız plastik paketləri biz 15 dəqiqə müddətində istifadə edirik, lakin onların təbiətdə yoxa çıxmasına 100 il vaxt tələb olunur. Bu tullantılar dəniz və okeanlarda balıqların yeminə çevrilir, nəticədə bu balıqları biz və övladlarımız yeyirik. Burada söhbət qida təhlükəsizliyindən gedir".

K.Yankauskas marketləri və vətəndaşları sellofan torbalardan imtina etməyə çağırıb: "İnsanlar daha çox digər növ torbalardan istifadə etməlidilər. Bu gün Avropa İttifaqının bütün nümayəndəlikləri, yəni 141 ölkədə hər kəs çimərliklərə toplaşıb, dənizlərin, okeanların çimərliklərini plastik tullantılardan təmizləyirlər".

Qeyd edək ki, Bakınının Xəzər rayonunda Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirilib. ASAN xidmət, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və "Coca-Cola" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər