Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koçun qələmə aldığı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında "Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı" ("Kardeş ülkede neler oluyor? Mihriban Aliyeva ile Azerbaycan’da değişim rüzgârı") adlı geniş məqalə dərc olunub.
Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyətdən yüksələn səslərə biganə qalmadı. Birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın gətirilməsi ilə dəyişikliyin düyməsinə basıldı. Ölkədəki köhnə vərdişlər bir tərəfə qoyulur və tamamilə başqa siyasət aparılır.
Müəllif yazır: "Sənəti, mədəniyyəti, mənəvi kodları, dərin tarixi və ədəbiyyat bazası ilə Azərbaycan Qafqazın göz bəbəyidir.Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilən, saysız-hesabsız sınaqlardan çıxan və bütün itkilərə baxmayaraq, sistemini, dövlət ənənəsini nizama salmağı bacaran bir ölkədir. Azərbaycan erməni lobbisi və dünyadakı dəstəkçilərinin gücünə baxmayaraq, torpaqlarındakı işğalı dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi layihələrə imza atıb.Dövlət başçısı İlham Əliyevin siyasi iradəsi, mövqeyi və duruşu bu məsələdə Azərbaycanı addım-addım uğura aparır”.
Müəllif qeyd edib ki, Gürcüstan, Ermənistan və Ukrayna nümunələrinə baxsaq, Rusiya ilə ciddi qarşıdurma yaşayan qüvvələrin ətrafdakı ölkələri alətə çevirdiyinə və çevirəcəyinə diqqət yetirsək, Azərbaycanın hazırkı siyasi addımlarının mənasını təhlil etmək daha asan olacaq.
“İran və Rusiya ilə qonşu olması səbəbindən də Azərbaycanın mövqeyi və rolu fərqli prizmalarda şərh olunmalıdır. İran əhalisinin böyük bir hissəsinin Azərbaycan türklərindən ibarət olması isə İranın Azərbaycanın siyasi həyatına necə sirayət etmək cəhdlərini göstərir.Neft yataqlarının Azərbaycanı böyük şahmat oyunlarının mərkəzi halına gətirməsi də Azərbaycanın bu vəziyyətdə özünü necə qoruya bildiyini dərk etməniz üçün ciddi ipucları verməkdədir. Bu vəziyyət Prezident İlham Əliyevin balanslı siyasətinin necə dizayn edildiyinin də göstəricisidir” – deyə, məqalədə qeyd olunur.
Koç məqaləsində onu da əlavə edib ki, unutmamaq lazımdır ki, Azərbaycan kimi əvvəlki siyasi durumu ilə hesablaşaraq, yeni siyasi formanı mənimsəmək ərəfəsində olan bütün dövlətlər üçün bu keçid dövrü uzun və məşəqqətli olur.
Daha sonra məqalədə vurğulanır ki, Azərbaycan iqtisadi cəhətdən gücləndi, dəyişikliyin davamlı hala gətirilməsi üçün Prezident Əliyevin ciddi həmlələri gündəmdədir: ”Prezident Əliyev ictimaiyyətin necə bir dəyişiklik istəməsinə sözün həqiqi mənasında qulaq asmaq siyasətini genişləndirməyə başladı. Lideri və ya Dövlət başçısını ayaqda saxlayacaq tək şeyin öz xalqı ilə müttəfiq olmaq olduğunu bilir. Sosial media və bütün medianı, xalqdan gələn səsləri və hətta ən ucdakı marginal səsləri belə eşitməyin, bu səslərə qulaq asmağın və meydana çıxan çatışmazlıqlardan istifadə etməyə çalışan güclərin əlindən alınmasının lazım olduğunu görə bilmək bir siyasətçi və Dövlət başçısı üçün böyük bacarıqdır”.
Koç əlavə edib ki, uzun illər ölkənin idarəçiliyində olmuş, yaşları xeyli irəliləmiş şəxslər xalqda ciddi etiraza səbəb olurdu. “Yeni nəslə qapı açmaq, günümüzün dəyərləri içərisində öz milli dəyər və kimliyini qorumaq refleksini möhkəmləndirmək olduqca vacibdir. Bunu xüsusilə Birinci vitse-prezidentlik vəzifəsinə təyin olunan Mehriban Əliyevanın müəyyənləşdirdyi yol və metod daha da irəliyə apardı” - deyə, məqalədə deyd olunur./report/