26 Yanvar 2020 00:58
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, bu gün Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələri və digər Azərbaycan vətəndaşlarını Naxçıvana aparmaq üçün 3 avtobus ayrılıb.

Elazığdan çıxan və əsasən tələbələrin olduğu birinci avtobus Naxçıvan sərhədi istiqamətində yola çıxıb, hazırda Ərzurumu keçərək Naxçıvanla sərhədə yaxınlaşır. Elazığ və Malatyadan ümumilikdə 41 nəfəri götürən ikinci avtobus hazırda Bingölü keçib.

Naxçıvandan zəlzələ zonasına göndərilən üçüncü avtobus isə hazırda İğdırdadır və 1 saata Elazığda olacaq. Üçüncü avtobusla Elazığda qalan 15-ə qədər Azərbaycan vətəndaşı Naxçıvana gətiriləcək.

Tələbələr Prezident İlham Əliyevə göstərdiyi qayğı və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Avtobusla Naxçıvana gətiriləcək tələbələr daha sonra təyyarə vasitəsilə Naxçıvandan Bakıya gətiriləcəklər.

Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının rəhbərliyi məsələni diqqətdə saxlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər