Nazirlər Kabineti yanında operativ qərargah və Baş Prokurluq birgə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ölkəmizdə narahatlığa səbəb olmaqla cəmiyyətdə süni ajiotaj yaradılmasında maraqlı olan şəxslər tərəfindən qərəzli olaraq guya “COVID-19” adlanan virus və ya koronavirus epidemiyasına yoluxmuş şəxsin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) vəfat etməsi ilə bağlı səs yazısı yayılıb.
Eyni zamanda qeyd edilən mövzuda yalan məlumatların yayılması, o cümlədən kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi müşahidə olunur.
İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.
Belə ki, 1994-cü il təvəllüdlü paytaxt sakini Nəzakət Ramazanovanın fevralın 29-da 3 saylı Şəhər Klinik Xəstəxanasında ağ ciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi faktı ilə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
N.Ramazanovanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək onun meyiti xarici və daxili müayinə olunub.
Mərhumdan müayinə üçün götürülmüş nümunələrdə hər hansı bir infeksion xəstəlik aşkar edilməyib.
Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma davam etdirilir.
İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir.