8 May 2020 18:44
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli QHT Forumunun prezidenti Rauf Zeyni Dağıstanda qalan Azərbaycan vətəndaşları ilə bağlı Baş nazir Əli Əsədova müraciət edib.

Teleqraf.com müraciəti təqdim edir.

“Hörmətli Əli müəllim!

Bu gün bütün dünyanın əsas probleminə çevrilmiş, ağır sosial və iqtisadi problemlərlə qlobal fəlakətlər gətirmiş pandemiya dünyada mövcud olmuş bütün münasibətləri dəyişməklə bərabər, həm də bu ölkələr üçün ağır sınaq dövrü kimi xarakterizə olunur. Belə bir vəziyyətdə hətta dünyanın ən inkişaf etmiş əsas ölkələrinə, onların pandemiyaya qarşı etdikləri reaksiya qabiliyyətinə nəzər saldıqda görürük ki, bu ölkələrin bir çoxu eksterimal vəziyyətdə öz müvazinətini saxlaya bilmədi, səhiyyə, sosial, iqtisadi və humanitar sahələrdə fəlakət həddinə qədər gəlib çıxdı.

Qonşuluğumuzda olan bir çox dövlətlərin bu fors-major vəziyyətdən çıxmaqda çətinlik çəkdiyini, pandemiya qarşısında acizlik göstərdiklərini hamımız müşahidə etməkdəyik. Belə bir vəziyyətdə ölkəmizin pandemiya ilə bağlı uğurlu mübarizə üsulundan istifadə etməsini, pandemiya ilə mübarizəyə kompleks şəkildə yanaşıldığını da hər birimiz müşahidə edirik. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında pandemiya ilə mübarizədə vaxtında atılmış mühüm addımlar həm ölkəmizdə bu epidemiyanın sürətlə yayılmasının qarşısını aldı, həm də xarici ölkələrdən ölkəmizə gətirilən soydaşlarımızın 14 günlük karantin şəraitində saxlanılaraq, daha sonra cəmiyyətə qarışmalarına ciddi əməl olundu.

Ölkəmiz xarici ölkələrdə pandemiya şəraitində çıxılmaz durumda qalan vətəndaşlarımızın ölkəmizə gətirilməsində də örnək addımları ilə yadda qaldı. Onlarla ölkədə yardım gözləyən minlərlə vətəndaşımız çarter reyslərdən də istifadə edilməklə ölkəmizə gətirildi, xarici ölkələrdə qalan minlərlə vətəndaşımıza, tələbələrimizə səfirliklər vasitəsilə köməklik göstərildi. Əlbəttə, bütün bunlar ölkə başçısının, hakimiyyət nümayəndələrinin vətəndaşlarımıza göstərdiyi münasibətidir ki, bu addımlar biz ictimai təşkilatlar tərəfindən də hər zaman alqışlanır.

Lakin bununla belə bir çox ölkələrdə hələ də soydaşlarımızın qaldığı, onların yardıma ehtiyaclarının olduğunu bilirik. Ehtiyac içərisində olan və Rusiya-Azərbaycan sərhəddinin Dağıstan Muxtar Respublikası ərazisində qalan minə yaxın Azərbaycan vətəndaşının günlərlə sərhəddə gözlədiyi, ağır şəraitdə qaldıqları haqqında bizə müraciət edib, köməklik göstərilməsini xahiş edirlər.

Bizə verilən məlumatlara görə, onların arasında onlarla xəstə soydaşlarımız var ki, onların təcili tibbi dəstək almasına ehtiyac yaranıb, Dərbənd şəhərindəki yerli tibb məntəqələrinə müraciətləri isə cavabsız qalıb. Bu durumda uşaq və yaşlı insanların vəziyyətinin nəzərə alınması olduqca vacibdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Rusiya-Azərbaycan sərhəddindəki vəziyyət müvafiq qurumlar tərəfindən ciddi şəkildə araşdırılmasını, imkan daxilində ilk öncə həssas qrupa aid olan insanların ölkəmizə karantin şərtlərinə əməl edilməklə təxliyyələrinə köməklik göstərilməsini Sizdən xahiş edirik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər