1 İyun 2020 00:42
2 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Palmali Şirkətlər Qrupu İngiltərə Ali Məhkəməsinin Mübariz Mənsimov və “Palmali Holdinq”in aktivlərinə həbs qoyması və “Palmali Holdinq Kompani Limited” şirkətinin müflis olması haqda yayılan xəbərlərlə bağlı növbəti açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada “Palmali” Şirkətlər Qrupunun nəzdində onlarla holdinq, yüzlərlə şirkət olduğu bildirilib.

“Maltadakı “Palmali Holdinq Kompani Limited” müflis olmayıb. Bu şirkətin üzərinə “Palmali Rostov” ilə Sberbank arasındakı ticarət əlaqələri səbəbindən həbs qoyulması tələb edilib. “Palmali” tərəfindən isə buna etiraz edilib. Məhkəmə prosesi davam edir. Bundan başqa, “Palmali Holdinq Kompani Limited” şirkətində “Palmali”yə məxsus gəmilər yoxdur. Buna görə də “Palmali Holdinq Kompani Limited” ilə bağlı məsələ nə “Palmali”yə, nə də hörmətli Mübariz Mənzimovun şəxsi mülkünə təsir edəcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Report xarici mediaya istinadla “Palmali Holdinq”in müflis elan edildiyi haqda məlumat paylaşıb. Bildirilir ki, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon dollaradək borcu var. Belə ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə "Palmali Holdinq" və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə ediləcəyini bildirib.

Xəbərdə qeyd olunub ki, məhkəmənin qərarına əməl olunmadığı halda dünya miqyasında M.Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulması və ticarət əməliyyatlarının qadağan edilməsi nəzərdə tutulur.

İngiltərə Ali Məhkəməsinin qərarına əsasən isə Mübariz Mənsimov və “Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon dollarlıq aktivlərinə həbs qoyulduğu da iddia edilib.

Şirkət bir qədər əvvəl də bu iddiaları təkzib etmişdi.


Müəllif: Teleqraf.com