Sosial şəbəkələrin erməni seqmentində Ermənistanın Müdafiə naziri David Tonoyan və onun mətbuat katibi Şuşan Stepanyan ağır tənqid, hətta təhqir olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə tanınmış jurnalist Elçin Alıoğlu sosial şəbəkədə qeyd edib.
O bildirib ki, Azərbaycan Ordusunun Tovuz istiqamətində ermənilərin hücumunun qarşısını alması və düşmənin ağır itkilərə məruz qoyması Ermənistanda şok effekti yaradıb.
“Tonoyan və digər erməni rəsmilərinin tənqid və təhqir olunmasına səbəb isə Tovuzdakı insident zamanı ölən erməni hərbçilərin sayının gizlədilməsi və ümumiyyətlə, tələfatla bağlı məlumat verilməməsidir”, - E.Alıoğlu bildirib.
Jurnalistin sözlərinə görə, erməni hərbi ekspertlər insidentdə Ermənistanın 19 hərbçisinin öldüyünü, 28-nin yaralandığını deyiblər.
Bununla belə, Ermənistan tərəfi itkiləri ilə bağlı hələlik rəsmi məlumat yaymayıb.
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Ermənilər isə sosial şəbəkələrdə etibarlı mənbələrə istinad edərək, 30-a qədər erməni əsgərin öldüyü, onlarla yaralının olduğunu yazıblar.