18 İyul 2020 12:25
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə ağır artilleriyadan hücum etmələri nəticəsində şəhid olmuş hərbçilərimizin xatirəsini yad etmək və Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan İcmaları Konqresinin nümayəndələri və Belarusda yaşayan Azərbaycan diasporu səfirliyimizin önündə toplaşıblar.

Teleqraf.com xəbər verir ki, aksiyada çıxış edən səfir Lətif Qəndilov Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr barədə ətraflı məlumat verib. L.Qəndilov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücuma keçməsinin əsas məqsədlərini diasporumuzun nümayəndələrinə açıqlayıb və bildirib ki, Ermənistan rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağın münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyini dəstəkləyən beynəlxalq təşkilatların fikrini yayındırmaq üçün yeni ərazidə gərginlik yaratmağa başlayıb. Səfir Prezident İlham Əliyevin yaranmış vəziyyətin qarşısını almaq və stabilləşdirmək üçün gördüyü işlər və Təhlükəsizlik Şurasının iclasının nəticələri barədə məlumat verib.

Diaspor nümayəndələrimiz, eyni zamanda, səfirliyin gördüyü işlər barədə də məlumatlandırılıb.

Soydaşlarımız səfirliyin həyətində dövlət bayrağımızın önünə gül dəstələri qoyaraq şəhidlərin xatirəsini yad ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər