9 Sentyabr 2020 13:17
2 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni əsirliyində olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir rayonu Nərimanlı bələdiyyəsində və Daşkəsən rayonu ərazisində onların ailəsinə məxsus torpaq sahəsinin olmaması iddiasına cavab verib.

Teleqraf.com-a danışan Kürdoğlu Əsgərov bildirib ki, adıçəkilən ərazilərdə ailəyə məxsus torpaq, ferma, yaşayış yerinin olmaması barədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin dedikləri ağ yalandır:

“Ortada ciddi şəkildə rüşvətxorluq və mənimsəmə faktı var. Dilqəm Əsgərova məxsus 30 metr uzunluğunda, 7 metr enində və 7 metr uzunluğunda, 4 metr enində iki tövlə, 3 çoban və onların qalması üçün 3 yaşayış yeri olub. Bunların hamısı Meliorasiyanın işçiləri tərəfindən traktorla dağıdılıb. Əlimizdə bunlara aid fotolar var”.

Tikinti altına düşən torpaq sahələrinə görə kompensasiyanın ödənməsi üçün Dilqəm Əsgərovun 4 il keçəndən sonra müraciət etməsinə gəlincə, oğlu bunu atasının əsl Azərbaycan kişisi olması ilə əlaqələndirib:

“Dilqəm Əsgərov Kəlbəcər rayonunun işğalı ilə barışa bilmirdi və başı rayon uğrunda mübarizəyə qarışmışdı. Atam Kəlbəcər rayonuna dəfələrlə gedib gəlmişdi. Atamın mübarizəsindən sui-istifadə edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçiləri bugünkü gün deyirlər ki, niyə 4 il sonra müraciət edilib. Siz də Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparın, ondan sonra Dilqəm Əsgərovun ailəsinin qarşısında belə bir arqument səsləndirin.

Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənov kimi oğullara bir milyon yarım yox, bir milyard yarım qurbandır. Həsən Həsənov Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub, Dilqəm Əsgərov isə Şuşa qalasında ömürlük əsir yatır. Sual verirəm, Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycanın ərazi bütövlüyü uğrunda hansı işlər görmüsüz?”

Kürdoğlu Əsgərov deyir ki, həm Şəmkir, həm də Daşkəsən rayonunda ailələrinə məxsus bağ yerinin olub-olmadığını faktlarla sübut edəcək:

“Yeyintini ört-bas etmək üçün deyəcəklər ki, Dilqəm Əsgərovun icarə müqaviləsi olmayıb, Quytulu bələdiyyəsi ləğv olub və sair. Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəsmisi deyir ki, “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına düşən ümumilikdə 1020 hektar sahəyə dəyən zərərə görə mülkiyyətçilərə 3 milyon manat kompensasiya ödənilib. Ancaq onların diqqətinə çatdıraram ki, bizim yaxın qonşularımız laçınlı Cəlilov Seymur Əhliyyət oğlu və Cəlilov Vidadi Əhliyyət oğluna dəyən ziyan 25 milyon olub. 2010-cu ildə çap olunan qiymətləndirmə kitabında hər ağacın illik qazancının hesablanması göstərilir. Bu kitab əsasında adlarını çəkdiyim laçınlılara 25 milyon manat pul ayrılıb. Amma onlara 1 milyon manat vəsait ödənilib. Ortada məcburi köçkünə çatası 24 milyon manat isə mənimsənilib. Məndə olan məlumata görə, bu məsələni onlar da ictimailəşdirməyə başlayacaqlar”.

Qeyd edək ki, Dilqəm Əsgərov 2001-2002-ci illərdə Şəmkir və Daşkəsən rayon ərazisində bələdiyyə mülkiyyətində olan 35 hektara yaxın bağ sahəsini uzun müddətə (15 illik) icarəyə götürüb. “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına düşən torpaqda onların istifadəsində olan bağ sahəsi də varmış. Həmin sahədə 70 qoz, 692 ədəd isə müxtəlif meyvə ağacı olub. İddia olunur ki, Dilqəm Əsgərova dəyən zərərin miqdarı 1 549 860 (Bir milyon beş yüz qırx doqquz min səkkiz yüz altmış) manatdır. Bu məbləğ dövlət büdcəsindən ayrılsa da, həmin vəsait ailəyə ödənilməyib.

Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilov isə Teleqraf.com-a açıqlamasında bildirib ki, səslənən iddiaların heç bir əsası yoxdur: “Guya “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına düşən Daşkəsən rayonunun Quytul bələdiyyəsi Dilqəm Əsgərova 15 il müddətinə 4.5 hektar bağ sahəsini icarəyə verib. 2002-ci il mayın 25-də bağlanan torpaq icarəsi müqaviləsinə əsasən, bu bağ sahəsində 70 ədəd qoz ağacı olub. Bu, ağ yalandır. Çünki tərəfimizdən Daşkəsən rayon Zəylik bələdiyyəsinə müraciət olunub. Adı çəkilən bələdiyyə Dilqəm Əsgərovun adına heç bir icarə müqaviləsinin olmaması barədə arayış verib.

Ümumilikdə “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına 1 019.84 hektar torpaq sahəsi düşüb. Həmin torpaq sahələrində 20182 ədəd müxtəlif növ meyvə ağacı, heyvandarlıq təsərrüfatı və yaşayış sahəsi düşüb ki, qiymətləndiricinin hesabatına əsasən, göstərilən mülkiyyətə dəyən zərər üçün hesablanmış kompensasiya məbləği ödənilib.

“Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına düşən ümumilikdə 1020 hektar sahəyə dəyən zərərə görə mülkiyyətçilərə 3 milyon manat kompensasiya ödənildiyi halda 35 hektara 1 milyon 549 min 860 manat kompensasiya necə ayrıla bilər?!”

Xatırladaq ki, 2014 cü ilin iyunun 11-də Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov yaxınlarının məzarını ziyarət etmək üçün Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna gediblər. Həmin gün Şaplar kəndində Ermənistan silahlı qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Həsən Həsənov isə güllələnərək öldürülüb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər