“Salyan Oil Ltd” əməliyyat şirkətinin baş meneceri Tsay Şin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) daimi istifadəsində olan neft ərazilərində qanunsuz tikililərin, o cümlədən restoran, ticarət və iaşə obyektlərinin sökülməsi barədə aidiyyəti dövlət qurumlarına müraciət edib.
Publika.az-ın əldə etdiyi məlumata görə, belə müraciətlərdən biri də ARDNŞ-nin Salyan rayonu ərazisində və neft şirkətinin daimi istifadəsində olan ərazilərdə “Samir şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus olan qanunsuz obyekt və əkin sahələri ilə bağlıdır.
Bununla əlaqədar Salyan rayon İcra Hakimiyyəti başçısının müraciəti əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Salyan rayon şöbəsinin müdiri tərəfindən “Salyan Oil Ltd” əməliyyat şirkətinin baş meneceri Tsay Şinə müvafiq məktub göndərilib.
DTXK-nin Salyan rayon şöbəsinə daxil olan 21.06.2013-cü il tarixli 07/244-23 saylı məktubda da ARDNŞ-nin daimi istifadəsində olan ərazilərdə “Samir şirkəti” MMC-yə məxsus olan obyekt və əkin sahələri barədə rəsmi məlumat verilməsi xahiş olunur.
Məktubla əlaqədar “Samir şirkəti” MMC-yə məxsus obyekt və əkin sahələrinə baxış keçirərkən də bir sıra qanunsuz faktlar aşkar edilib.
Belə ki, “Samir şirkəti” MMC-yə aid olan Qarabağlı kənd sakini Ağayev Xeyrəddin Azər oğlunun adına Salyan rayon İcra Hakimiyyəti başçısının 16.09.2010-cu il tarixli sərəncamı ilə iaşə xidməti, tikinti materialları satış mağazası və şadlıq evi tikintisi məqsədilə ayrılmış 0,58 ha torpaq sahəsinə baxış keçirərkən həmin torpaq sahəsinin ərazidən keçən neft borularının üstündə yerləşdiyi, ərazidəki qaz kompressorunun 5 metrliyində fəaliyyət göstərdiyi və ərazinin ARDNŞ-ə məxsus torpaq sahəsində yerləşdiyi müəyyən olub.
Bundan əlavə, “Samir şirkəti” MMC-nin qarşısında, Salyan-Şirvan yolunun sağ tərəfində “Samir şirkəti”nə aid Mürsəlov Mürsəl Sakit oğlunun adına çıxarışla mülkiyyətə verilən 0,12 ha torpaq sahəsi, digər bir çıxarışla “Samir şirkəti” MMC-nin cənubunda Salyan-Şirvan yolunun sol tərəfində xüsusi mülkiyyətə verilmiş 0,125 ha torpaq sahəsi və onun üzərində tikilmiş tikintilər ARDNŞ-ə məxsus olan ərazidə yerləşir.
“Samir şirkəti” MMC-yə Salyan rayon İcra Hakimiyyəti başçısının 14 iyun 2004-cü il tarixli 111 saylı sərəncamı ilə dövlət fondu torpağından qoyunçuluq məqsədilə icarəyə alınmış 42 ha torpaq sahəsinin 31 hektarı, Salyan-Şirvan yolunun sol tərəfində “Samir şirkəti” MMC-yə məxsus 3300 kv.m torpaq sahəsi “Salyan OİL LTD” şirkətinin kontrakt sahəsinə aid ərazidədir.
Qeyd olunan vətəndaşlar barəsində qanunamüvafiq tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub.
Bundan əlavə, Salyan rayon İcra Hakimiyyəti başçısının imzaladığı digər bir sərəncamda isə qeyd olunur ki, Salyan rayon Qarabağlı kənd sakini Ağayev Xeyrəddin Azər oğluna dövlət torpaq fondundan iaşə xidməti, tikinti materialları satışı mağazası və şadlıq evi tikintisinə 0,58 ha torpaq sahəsi ayrılması barədə Salyan rayon İcra Hakimiyyəti başçısının 210-s saylı 16.09.2010-cu il tarixli sərəncamı etibarsız hesab edilsin.
İcra başçısının imzaladığı sərəncamda həmçinin deyilir ki, Salyan rayon İcra Hakimiyyəti başçısının 16.09.2010-cu il tarixli sərəncamının ləğv edilməsi barədə Salyan rayon Qarabağlı kənd sakini Ağayev Xeyrəddin Azər oğluna və “Salyan OİL LTD” şirkətinə məlumat verilsin.
Əldə etdiyimiz digər məlumata görə, Salyan rayon İcra Hakimiyyətinin və “Salyan OİL LTD” əməliyyat şirkətinin rəhbərliyi tərəfindən “Samir şirkəti” MMC-nin təsisçisi və direktoru, iş adamı Azər Ağayevin ARDNŞ-ə məxsus torpaq sahələrində qanunsuz olaraq faəliyyət göstərməsi və neft-qaz boru xəttləri üzərində obyekt tikintisi həyata keçirməsi barədə aidiyyəti hüquq mühafizə orqanlarına şikayət olunub.
Bundan əlavə, iş adamı A.Ağayevin bir sıra bizneslərini idarə edən və hazırda Polis Akademiyasında təhsil alan oğlu Xeyrəddin Ağayevin fəaliyyəti barədə də aidiyyəti orqanlara müvafiq məlumat verilib, hazırda bu istiqamətlərdə müvafiq araşdırma aparılır.
Əldə etdiyimiz daha bir məlumata görə, iş adamı Azər Ağayev haqqında edilən şikayətlərə görə Milli Məclisin 59 saylı Salyan seçki dairəsindən seçilmiş deputatı Əliağa Hüseynovdan dəstək istəyib.
Ancaq sabiq hərbi komissar, millət vəkili Əliağa Hüseynov isə iş adamı barəsində söylənilənləri yerində öyrəndikdən sonra, ona dəstək verməkdən imtina edib.
Qeyd edək ki, sərəncamla iş adamına bu torpaq sahələrini Salyan rayon icra hakimiyyətinin başçısı olarkən Əliağa Hüseynov verib.
İş adamı A.Ağayev isə hələlik nədənsə mətbuata danışmaq istəmir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…