Türkiyədə vətəndaş müharibəsinə hazırlaşırlar. Xüsusilə Batman və Adıyaman tərəflərdə güclü sələfi hərəkatı var. Bu silahlanmanı dayandırın, yoxsa sabah buna mane ola bilməyəcəyik.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyədə Cübbəli Əhməd Xoca kimi tanınan din xadimi Əhməd Mahmud Ünlü deyib.
O, iddia edib ki, 2 min sələfi dərnəyi silahlanıb: “Bəziləri "şeyx" olduqlarını söyləyərək cihad elan edəcək, bəziləri də özünü Mehdi kimi tanıdacaq. Müsəlman milləti bir-birini öldürəcək. Hərbçilər onları vurmaq məcburiyyətində qalacaq. Vaxtkən onlara nəzarət edilməlidir”.
Türkiyənin Daxili işlər nazirinin müavini Mehmet Ersoy iddialardan sonra açıqlama verib. O bu günə qədər sələfi dərnəklərində aparılan yoxlamalarda bir çoxunun bağlandığını və cəzalandırıldığını deyib:
"Bəzi dərnəklərin silahlı olması iddiasına və ya ehtimalına biganə qalmağımız mümkün deyil. İlk açıqlamadan sonra da dərhal Mülki Cəmiyyət Münasibətləri Baş İdarəsi, müfəttişlər, terror və kəşfiyyat vahidlərimiz yenidən istintaqı davam etdirdi. Məsələ eyni həssaslıqla inzibati və məhkəmə qaydaları ilə davam etdiriləcək”.