22 Sentyabr 2020 11:36
2 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Buna baxmayaraq, yüksək döyüş əzmində olan ordumuz torpaqlarımızı azad etməyə və bütün cəbhələrdə düşməni geri oturtmağa qadirdir”.

Teleqraf.com xəbər verir ki, bunu cəbhədəki gərginliyə münasibət bildirərkən deputat Vüqar Bayramov deyib.

Deputat ötən gün dövlət sərhədinin Tovuz rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 1 hərbi qulluqçumuzun şəhid olduğunu, 1 əsgərimizin də yaralandığını qeyd edib:

“BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistanın təxribat xarakterli əməlləri onun iç üzünü aşıq-aşkar göstərir. Əslində, ölkəmizin bir şərti var: işğalçılar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar”.

Vüqar Bayramov bildirib ki, artıq bıçaq sümüyə dirənib: “Ali Baş Komandanımızın qeyd etdiyi kimi Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Reallıq isə bundan ibarətdir ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Bütün bunlara baxmayaraq, yüksək döyüş əzmində olan ordumuz torpaqlarımızı azad etməyə və bütün cəbhələrdə düşməni geri oturtmağa qadirdir.

Ordumuzun hərbi hazırlığına və döyüş əzminə, vətəndaşlarımızın yüksək vətənpərvərlik və milli birlik hissinə güvənərək əminliklə qeyd edirəm ki, böyük qələbə günü uzaqda deyil”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər