Kəlbəcər şəhərinin Azərbaycanın nəzarətinə keçməsindən sonra Zod (Söyüdlü) qızıl yatağını istismar edən və orada işləyən yüzlərlə erməninin vəziyyəti pisləşib.
Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, hazırda Vardenis qızıl zavodunun rəhbərliyi mədəndə çalışan 800-dən çox insanı işə çıxmamağa çağırıb.
Zavodun erməni rəhbərliyi bunu işçilərin təhlükəsizliyi səbəbilə etdiklərini bildirib.
Qeyd edilib ki, bundan sonra işlərin necə təşkil olunması Azərbaycanla aparılan danışıqların nəticəsindən asılı olacaq.
Erməni rəsmi şərhinə görə, Zod qızıl yatağının yarısı Azərbaycana, yarısı isə Ermənistana qalır. Bu zaman işçilərin 30/70-ə nisbətində ola biləcəyi ehtimal olunur. Yatağın 30 faizi Ermənistan tərəfində qalır, qalan hissəsi Azərbaycanın nəzarətinə keçir. Bu səbəbdən də Azərbaycan tərəfi erməniləri ərazidəki texnikasını geri çəkməyə çağırıb.
Qeyd edilir ki, əgər Azərbaycanla danışıqlar nəticə verməsə 25-dən çox icma çətin vəziyyətə düşəcək. Çünki Vardenis şəhər sakinləri daxil olmaqla 24 icma nümayəndəsi uzun illərdir ki, bu mədəndə çalışır.