4 dekabr 2020-ci il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyindən (XİN) Teleqraf.com-a verilən məlumata görə,Görüşdə səfirə 3 dekabr tarixində Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib.
Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.
Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.