Xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Teleqraf.com-a verilən məlumata görə, Ceyhun Bayramov cari ilin 19-21 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına tarixi dövlət səfərini xatırladaraq, səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” ilə tərəflərin bir-birlərini strateji tərəfdaş kimi qəbul etdiklərini söyləyib.
C.Bayramov Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi barədə ətraflı məlumat verib. Nazir ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.
Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı, o cümlədən enerji və nəqliyyat layihələrində, xüsusilə Cənub Qaz Dəhlizi layihəsində iştirakı ilə bağlı fikir mübadiləsi apardılar.
Dövlət katibi Manlio Di Stefano regionda baş verən hadisələrlə bağlı yerində məlumat alınmasının daha faydalı olduğunu, bu səbəbdən Azərbaycana səfər etdiyini söyləyib.
Görüş zamanı tərəflər həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.