15 Yanvar 2021 17:22
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

13:45

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Səfər zamanı dövləti başçısı Şuşa şəhərində olarkən çəkilmiş bir fotonu nümayiş etdirib.

Teleqraf.com sözügedən foto ilə bağlı arayış hazırlayıb. Məlum olub ki, həmin foto 1982-ci il iyul ayının 29-da Şuşa şəhərində çəkilib. O illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olan Heydər Əliyev bir qrup mədəniyyət və incəsənət xadimi ilə hər il Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak edir. Sözügedən foto da tədbir əsnasında Şuşa şəhərinin gəzintisi zamanı obyektivin yaddaşına köçürülüb.

Fotoda ulu öndər Heydər Əliyev və gələcək prezidentimiz, gənc İlham Əliyevlə yanaşı, Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsinin birinci katibi Boris Gevorkov, Azərbaycanın keçmiş mədəniyyət naziri, hazırda Rusiyada səfir olan Polad Bülbüloğlu da əks olunub.

Prezident İlham Əliyev həmin vaxt 21 yaşında idi.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən vaxtilə Şuşaya etdiyi daha bir səfərdən bəhs etmişdi. Dövlət başçısı demişdi:

“Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır. Nə qədər vəhşilik ola bilər? Nə qədər qəddarlıq ola bilər? Özü də Azərbaycan xalqı axı, sizə nə edib? Sizə çörək verib. Azərbaycan xalqı sizə nə edib ki, ürəyinizdə bu qədər nifrət olsun? Şəhərləri dağıdırsınız, insanları didərgin salırsınız, tarixi abidələri sökürsünüz, nə məqsəd güdürsünüz? Elə hesab edirlər ki, bizim yaddaşımızdan silinəcək bu vəhşilik?

Biz 44 gün müharibə apardıq, Ermənistanı demək olar ki, tamamilə məğlub etdik. İstənilən addım ata bilərdik, istənilən addım! Amma mən demişəm ki, biz mülki əhaliyə qarşı vuruşmuruq. Biz tarixə qarşı vuruşmuruq. Biz dini abidələrə qarşı vuruşmuruq. Onların bir dənə də olsun dini abidəsi dağıdılıb? Yox! Orada insanlar arasında itkilər çox aşağı səviyyədədir. O da təsadüfən baş verib. Görün, onlar nə ediblər? Xocalı soyqırımı, məscidlərimizin dağıdılması, şəhərlərimizin dağıdılması. Mədəni soyqırımı törədiblər bizə qarşı.

Bütün dünya, onların havadarları, dostları görməlidir. Onların sözləri ilə desək, müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan və buna inanan xarici havadarları, açın gözünüzü baxın, nə ediblər onlar?! Vəhşidirlər. Adam bunu etməz. Bu vəhşiliyə son qoyulmalı idi və qoyuldu. Kimsə bunlara dərs verməli idi, yoxsa yox?”

Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 5-də “TRT Haber”ə müsahibəsində isə demişdi:

“Mənim xatirəmdədir, 1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa – Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı. Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairləri şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O bir dostluq bayramı idi. Yəni, o, mənim şahidi olduğum mənzərədir”.

Onu da bildirək ki, 1967-ci ildə, hələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən Şuşaya səfər edən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəyib, lakin məzarı tapa bilməyib. Onun göstərişi ilə məzar tapılıb və Heydər Əliyev yaxşı vəziyyətdə olmayan dağılmış məzarı ziyarət edib. O, nitqlərinin birində gördüyü bu məzarın Vaqifə layiq olmadığını səsləndirib.

Sonralar Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980-81-ci illərdə abidə və məqbərə tikildi. 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı oldu. Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları tərəfindən dağıdılan məqbərənin hazırda yalnız karkası qalıb.


Müəllif: Səxavət Həmid