17 Yanvar 2021 14:37
3 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri son dövrün ən irimiqyaslı qış təlimlərinə hazırlaşır. Azərbaycan Silahlı Qüvvələri də 1-12 fevral tarixlərində Qarsda keçiriləcək “Qış 2021” təlimlərinə qatılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

Təlimlər birgə əməliyyatların həyata keçirilməsində əməkdaşlıq və koordinasiyanı təmin etmək, inventarda olan, inventara yeni daxil olan və ya müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin performansını yoxlamaq məqsədi daşıyır.

Bundan əlavə, intensiv qar yağışı və şiddətli soyuqda atəş açmaq, qış şəraitində təlim səviyyəsini yüksəltmək, ərazidə yerləşmə, sığınacaq tapmaq, tədarük və istismar işləri və komandanlıq idarəetmə sistemlərinin işini təmin etmək də daxil olmaqla qoşunların döyüş qabiliyyətlərini sınamaq da təlimin digər məqsədlərindəndir.

Təlimlərdə hava hücumundan müdafiə əməliyyatları, hava hücumu əməliyyatları, logistik dəstək əməliyyatları və digər parametrlər üzrə məşqlər icra olunacaq. Manevrlərdə artilleriya batareyaları, minaatan qrupları, snayper komandaları, Xüsusi Təyinatlı Qüvvələrinin personalı, komando və helikopterlər iştirak edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu