29 Oktyabr 2014 13:15
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə ay öncə Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev qurumun fəaliyyətini bərpa edəcəyi barədə açıqlama vermişdi. Lakin avqustdan bəri 2 ay keçsə də, Forum üzvləri bir araya gəlib hər hansı toplantı keçirməyib.

Məsələ ilə bağlı E.Quliyev Teleqraf.com-a danışıb. Onun sözlərinə görə, Ziyalılar Forumunun iclaslarının keçirilməsi indiki şəraitdə qeyri-mümkündür: “Hesab etmirəm ki, yaxın gələcəkdə forum bir qurum olaraq fəaliyyət göstərsin”.

O, mütəmadi olaraq ZF üzvləri Rafiq Əliyev, Cəmil Həsənli, Ramiz Rövşənlə telefon əlaqəsi saxlanıldığını və bəzi məsələlərin koordinasiya olunduğunu söyləyib.

E.Quliyev əlavə edib ki, Forumun iclaslarının keçirmək üçün yer yoxdur: “Forum nümayəndələri hər zaman Azərbaycanın xeyrinə fikir ifadə ediblər”.

Professor, ZF üzvü Rafiq Əliyev saytımıza qurum barədə bildirmişdi ki, Forum partiya deyil və burada hər hansı məsələ səsə qoyulub qərar qəbul edilmir: “Bir dəfə yazmışdım, bəzi dostlarım giley elədi. Dedim, ziyalı 10 barmaqla sayılan olar da. Rusiya kimi böyük ölkədə ziyalıları saysanız 10-15 nəfərdir. Kimin diplomu var ziyalıdır. Diplom almaqla deyil, onu xalq, ictimai fikir qəbul etməlidir. Ola bilər ki, fərdi şəkildə, ola bilər ki, bir yerdə fikirləşib nəyisə deyərik. Məsələn, Ramiz Rövşənlə mən 3 ay bundan qabaq ümumi fikir demişdik. Burada siyasətə qarışmaq lazım deyil. Düşünürəm ki, Ziyalılar Forumu heç bir siyasətlə məşğul olmamalıdır. Partiyalar var, siyasətlə partiyalar məşğul olmalıdır. Ziyalılar Forumunda nə koordinator, nə sədr var. Həmişə yazmışam, yaratdığımız Ziyalılar Forumu Roma klubu kimi bir şeydir. Roma klubunda dünyanın alimləri, ən məşhurları tutaq Eynşteyn tipli alimlər yığışırlar və deyirlər ki, dünya, yaxud ölkə o istiqamətə getmir. Təbil çalırlar, amma onların qərarlarının heç bir hüquqi əsası yoxdur. Biz də burada yığışıb deyirik ki, Azərbaycan xalqının, millətinin, cəmiyyətinin indiki çətin vəziyyətdən çıxışının bir yolu var: ancaq və ancaq birlik. Ramiz Rövşən, Musa Yaqub, Zakir Fəxri və mənəm, yığışırıq, öz fikirlərimizi deyirik. Bu o demək deyil ki, hamımız bir qərar çıxaracağıq. Biz qurum, partiya deyilik ki, qərar çıxarıb kiməsə deyək. Bizi ziyalı sayırlarsa, ziyalı kimi sözümüzü deyə bilərik ki, bu xalqa nə lazımdır, millətin çətinliyi nədədir”.

Eldəniz Quliyev isə qurumun bəzi üzvlərinin Milli Şuraya qoşulması ilə ZF haqqında siyasi təşkilat fikrinin formalaşmasına münasibətini açıqlayıb: “Rafiq Əliyev və Ramiz Rövşənin də qatıldığı iclasda bəzilərimizin Milli Şurada iştirakı vacib sayılıb, sadəcə olaraq Milli Şuranın sonrakı fəaliyyəti ola bilsin onları qane etməyib. Amma Milli Şuranın yaranması və Ziyalılar Forumundan bəzi insanların iştirakı hamının razılığı və konsensus yolu ilə əldə olunub. Rafiq Əliyev və Ramiz Rövşən yaradıcılıq və intellekt baxımında 5 quruma dəyər şəxsiyyətlərdir. Ziyalılar Forumu çox demokratik təşkilat idi, hərənin öz fikri vardı. Çox yaxşı olardı ki, Rafiq müəllim təkcə Ramiz Rövşəni yox, hamımızı yeyib içməyə dəvət etsin. Ola bilsin, maddi cəhətdən sıxıntı var, amma həmişə bir yerdə yeyib-içirdik”.

Qeyd edək ki, Ziyalılar Forumu 2012-ci ildə yaranıb. 2013-cü ilin oktyabrında keçirilən prezident seçkiləri ərəfəsində Forum üzvlərinin əksəriyyətinin Milli Şurada təmsilçiliyindən sonra iclasları səngiyib. Son iclasını isə elə 2013-cü ildə keçirib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər