Ermənistan tərəfindən vaxtilə işğal olunmuş ərazilərdə və Vətən müharibəsi dövründə müharibə cinayətlərinin törədilməsi bizim üçün yenilik deyil. Biz ötən 30 il ərzində dəfələrlə bu cür hallara şahidlik etmişik. Xüsusən Birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı onların etdikləri vəhşiliklər barədə dəfələrlə yazılıb, sənədli filmlər çəkilib. Bununla bağlı şahid ifadələri var. Ancaq bu dəfə ermənilərin hərəkətləri beynəlxalq təşkilatlar tərəfindən də qeydə alınıb.
Bunu Teleqraf.com-a açıqlamasında mərkəzi ofisi Almaniyada yerləşən Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib.
Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdiyi hərbi cinayətlərə dair “Amnesty International” təşkilatının məruzəsinə münasibət bildirən S.Bənənyarlı qeyd edib ki, ermənilərin müharibə vaxtı nümayiş etdirilən videogörüntülərdə hərbi əsirlərlə kobud rəftarı, eləcə də azərbaycanlı hərbçilərin meyitlərinin təhqir olunmasının müşahidə olunması da məruzədə öz əksini tapıb. Onun sözlərinə görə, bu onu göstərir ki, artıq beynəlxalq təşkilatlar özləri bunu qeydə almağa məcbur olublar:
“Çünki erməni vəhşilikləri 44 günlük müharibə zamanı bir daha sübut olundu. Mən “Amnesty International”ın bu hesabatını obyektiv qiymətləndirərdim”.
Qeyd edək ki, məruzədə Ermənistan silahlı qüvvələrinin ikinci Qarabağ müharibəsi zamanı beynəlxalq humanitar hüquqla qadağan edilmiş kassetli bombalardan istifadə etməsi, cəbhə bölgəsindən çox-çox uzaqda yerləşən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin mülki insanların yaşadığı hissələrinin raket atəşinə tutulması da qeyd edilib.
S.Bənənyarlı bununla bağlı deyib ki, bunlar hamısı müharibə dövründə qeydə alınmış faktlardır:
“Təkcə “Amnesty International”ın deyil, “Human Rights Watch” təşkialtının məruzəsində də bu fakt öz əksini tapıb. Həm bu təşkilatların nümayəndələri, həm də xarici ölkələrin Azərbaycandakı səfirləri və beynəlxalq təşkilatların nümayəndələri bu faktları öz gözləri ilə görüblər və qeydə alıblar. Ona görə də mən hesab edirəm ki, törətdikləri vəhşilikləri gizlətmək bu dəfə ermənilərə müyəssər olmayacaq. Çünki bunlar artıq Azərbaycan tərəfinin dediyi həqiqətlər deyil. Artıq beynəlxalq təşkilatların özlərinin qeydə aldıqları faktlardır və bunun əksini sübut etmək o qədər də asan məsələ deyil”.