“Qlobal tarazılıq dəyişməyə başlayanda Türkiyə bölgədəki reallıqları dəyişdirən güc olaraq ortaya çıxdı. Türkiyənin Liviya, Suriya, İraq və Dağlıq Qarabağ məsələlərinin (Azərbaycan) həllindəki uğurlarına qlobal dəyişiklik prizmasından baxmaq lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin baş məsləhətçisi Gülnur Aybət deyib.
Aybət Türkiyənin qlobal güc kimi önə çıxmasının ABŞ-ı narahat etdiyini bildirib.
O, ABŞ-ın narahatlığına baxmayaraq, Türkiyənin həm hərbi sahədə, həm də diplomatik masada güclənməsinin regional sabitliyin bərqərar olması baxımından önəmli olduğunu söyləyib.
Gülnur Aybət Türkiyə-Rusiya münasibətlərinə də diqqət çəkib: “Türkiyə və Rusiya arasındakı münasibətlərdə müəyyən anlaşılmazlıqlar olsa da, münasibətlər uğurla davam etdirilir. Bu, Türkiyənin bölgədə həm Rusiya ilə əməkdaşlıq edə bilən, həm də Rusiyanın meydanını məhdudlaşdıra bilən yeganə ölkə olmasını təmin edir”.
Aybət Türkiyə istehsalı pilotsuz uçan aparatların (PUA) Qarabağ müharibəsindəki uğurlarından da danışıb.
O, Türkiyə PUA-larının Liviya, Suriya və Qarabağdakı müharibələrin təbiətini dəyişdirdiyini və bu uğurun NATO üzvləri ilə yanaşı, bir çox ölkə tərəfindən təqdir edildiyini bildirib.