“İran–Azərbaycan əlaqələrini İran–Ermənistan əlaqələri ilə bərabərləşdirmək olmaz”.
Teleqraf.com xəbər verir ki, bunu mərhum Prezident Heydər Əliyev 2002-ci il aprelin 11-də İran İslam Respublikasının Xarici işlər naziri Kamal Xərrazi və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə deyib.
Heydər Əliyev Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması sahəsində İranın bundan sonra da səylər qoymaq məqsədini alqışlayıb və təşəkkür edib: “Bu münaqişə artıq çox illərdir davam edir. Münaqişənin həll edilməsində dost, qardaş, qonşu ölkə olan İranın həm dəstəyinə, həm də yardımına həmişə ehtiyacımız olubdur. Bu gün də belədir. Ancaq Ermənistanla əlaqələrinizin yaxşı olması sizin siyasətinizin nəticəsidir. Amma mən istəməzdim ki, siz Azərbaycanla Ermənistana olan münasibətinizi bir tərəzidə eyni çəkidə saxlayasınız.
Siz buyurdunuz ki, xoşbəxtlikdən Azərbaycan ilə yaxşı əlaqə qurmusunuz, Ermənistanla da yaxşı əlaqə qurmusunuz, bu da Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında faydalı ola bilər. Bu doğrudur. Ancaq İran–Azərbaycan əlaqələrini İran–Ermənistan əlaqələri ilə bərabərləşdirmək olmaz. Çünki bizim ölkələrimizi, xalqlarımızı bir-birinə bağlayan böyük tarixdir, bizim tarixi köklərimizdir, bizim müştərək mədəniyyətimizdir, adət-ənənələrimizdir, bizim bir dinə mənsub olmağımızdır. Amma Ermənistanla sizin yəqin ki, ancaq iqtisadi əlaqələriniz var. Ona görə rica edərdim ki, bu əlaqələrə eyni gözlə baxmayasınız”.