“Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi olmaqla, bizi bu gün çox böyük tarixi uğurlara çatdıran inkişaf və mövcudluq strategiyasının əsasını qoymuşdu”.
Bunu Teleqraf.com-a Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan xalqının təkidi ilə 1993-cü ildə ikinci dəfə ali siyasi hakimiyyətə qayıdan Heydər Əliyev üç istiqamətli inkişaf konsepsiyasını müəyyənləşdirib: “Birinci, ölkədə qısa zaman kəsiyində sabitliyi təmin etdi. Heydər Əliyev qeyd edirdi ki, sabitlik olmayan yerdə heç bir sosial-iqtisadi inkişafdan danışmaq olmaz. Bunun ardınca milli iqtisadi inkişaf sistemini yaratmağa başladı. Təbii ki, milli iqtisadi sistemin yaradılması üçün müstəqilliyi yenicə qazanmış bir ölkəyə çox böyük həcmdə resurslar tələb olunurdu.
Ayrıca olaraq kənar dəstəklər lazım idi. Məhz bu zərurətdən çıxış edərək Ümummilli lider dünya ölkələri ilə dinamik şəkildə siyasi münasibətlər qurmağa başladı və iqtisadi əməkdaşlığa start verdi. Təbii ki, yeni yaranmış ölkə üçün beynəlxalq səviyyədə uğurlu fəaliyyət və əməkdaşlıq etmək böyük dövlət idarəçiliyi təcrübəsinə və müdrikliyə malik olmağı tələb edirdi.
Məhz Ulu Öndərin müdrikliyi, bilik və bacarığı, dövlət idarəçiliyi sayəsindəki təcrübəsi Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən qısa zaman kəsiyində tanınmasına və ölkəmizlə əməkdaşlığın qurulmasını təmin etdi.
1994-cü ilin geosiyasi tendensiyalarının Azərbaycanın xeyrinə olmamasına baxmayaraq, Heydər Əliyevin əməyi sayəsində “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə sözün həqiqi mənasında gənc Azərbaycan dövləti üçün bir xilas yolu idi. Bundan sonra ölkəmizə aktiv sərmayə cəlbinə başlanıldı, iqtisadi sistemin elementləri formalaşdı.
Təbii ki, Milli Ordu quruculuğunu həyata keçirmək üçün də resurslar yarandı. Cəmiyyətdə sabitlik əsasında milli iqtisadi sistem yaradılandan sonra Milli Ordu quruculuğu istiqamətində addımlar atılması, bütövlükdə Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyasının üç strateji istiqamətini təşkil edirdi. Bu strategiya hər üç istiqamətdə tətbiq olunduqdan sonra Azərbaycan bütün sahələrdə inkişaf mərhələsinə qədəm qoydu. Qısa zaman kəsiyində Azərbaycan təkcə regional geosiyasi, geoiqtisadi vəziyyətin müəyyənləşməsinə deyil, eləcə də qlobal proseslərə təsir etmək gücünü qazandı”.
Deputat deyir ki, Heydər Əliyevin fəaliyyətinin əsas hədəfi dövlət müstəqilliyinin gücləndirilməsindən ibarət olub: “O, hər zaman xalqa çağırış edəndə prioritetin dövlət müstəqilliyinin gücləndirilməsindən ibarət olduğunu bildirirdi. Bütün beynəlxalq təmaslarda Azərbaycanın müstəqilliyi və suverenliyi məsələsini ön plana çəkirdi, dünya dövlətlərinin də bu məsələyə həssas yanaşmaları üçün çağırışlar edirdi. Təbii ki, bütün bunlar öz bəhrəsini vermiş oldu.
Dövlət müstəqilliyinin və suverenliyinin gücləndirilməsinin başlıca şərtlərindən biri kimi, Ulu Öndər ərazi bütövlüyünün təmin olunmasında, yəni Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllində görürdü. Dünyada tək-tək dövlət başçıları, lider hər hansı bir problemin həlli istiqamətində Heydə Əliyev qədər əzmlə, iradə ilə çalışmışdı. Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində Heydər Əliyev 500-ə qədər görüş keçirmişdi. Bu, çox geniş strateji addımlar idi. Məhz Heydər Əliyevin dövründə bugünkü hərbi qələbəmizin siyasi elementləri formalaşmışdı.
1994-cü ilin may ayında atəşkəs rejimi haqqında Bişkek protokolunun imzalanması Azərbaycanın sonrakı inkişafı üçün çox təsirli rol oynadı. Həmin dövrdə Azərbaycan daxili sabitliyini, təhlükəsizliyini, iqtisadi sistemini yenicə təmin etməkdə idi. Ona görə də lazımi qədər resursa malik deyildi. Bu baxımdan atəşkəs rejimi haqqında protokolun imzalanması çox böyük zərurətdən irəli gəlirdi. İşğalçı Ermənistana kənardan edilən böyük dəstəkləri neytrallaşdırmaq və Azərbaycanın hərtərəfli potensialının formalaşdırılması üçün atəşkəsə nail olmaq çox böyük tarixi hadisə idi. Əgər həmin dövrdə atəşkəsə nail olunmasaydı, bəlkə də bugünkü uğurlarımızı olmazdı. Heydər Əliyevin sayəsində atəşkəs əldə olundu və Azərbaycan sərbəst iqtisadi-siyasi inkişaf prioritetlərini reallaşdırmağa başladı. Həm siyasi, həm də hərbi müstəvidə Azərbaycan gücünü artırdı”.
Elşad Mirbəşiroğlunun sözlərinə görə, Heydər Əliyev hakimiyyətə qayıdandan sonra beynəlxalq informasiya, siyasi mübarizə müstəvisində olduqca strateji addımlar atmağa başlayıb: “1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon sammiti baş tutdu. İclasdan öncə Heydər Əliyev samitdə iştirak edəcək dövlət və hökumət başçılarına məktubla müraciət edərək onlardan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini xahiş etdi. Münaqişə vəziyyəti haqqında onlarda aydın təsəvvürlər formalaşdırdı. Heydər Əliyevin bu səylərinin böyük səmərəsi oldu. Münaqişənin tənzimlənməsi istiqamətində müəyyənləşdirilən başlıca prinsiplərdən birincisi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsi oldu. Bu, ilkin böyük tarixi qələbə idi. Bundan sonra da Azərbaycan özünün siyasi uğurlarını davam etdirdi.
Sonrakı mərhələdə Heydər Əliyev məktəbini keçmiş, onun dövlətçilik təfəkkürünü qavramış və Ulu Öndərin inkişaf strategiyasını zənginləşdirmiş Prezident İlham Əliyev tərəfindən çox müdrik, uzaqgörən addımlar atılaraq münaqişənin siyasi və hərbi həlli istiqamətində strateji gedişlər edildi. İlham Əliyev Ümummilli liderin müəyyənləşdirdiyi inkişaf startegiyasına istinad edərək Azərbaycanı çox böyük uğurlara apardı. Bu gün Azərbaycan dünyanın ən islahatçı və ən inkişaf etmiş dövlətləri sırasındadır. Azərbaycan Ordusu dünyanın ən güclü orduların reytinq cədvəlinə düşüb.
2020-ci ilin sentyabrında təcavüzkar Ermənistanın növbəti hərbi təxribatının qarşısını alan zaman, həm də əks hücum əməliyyatlarına başlanıldı. Qısa zamanda Azərbaycan Ordusu haqqında miflər uydurulmuş Ermənistanın işğalçı ordusunu darmadağın etdi. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə dövlətimiz tarixi qələbəsini qazandı. İşğalçı Ermənistan kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qaldı. Bununla Ali Baş Komandan İlham Əliyev Heydər Əliyevin vəsiyyətini yerinə yetirmiş oldu. Neçə ki, inkişafımızda Heydər Əliyevin strategiyasına söykənirik və Ulu Öndərin ideyalarını yaşadırıqsa, xalqımız, dövlətimiz hər zaman inkişaf edəcək, təhlükəsizliyimizin təmin olunması ən yüksək tələblərə uyğun olacaq”.