Xəbər verdiyimiz kimi, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Sürücü də daxil olmaqla, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
“Ayna-Zerkolo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı hadisə ilə bağlı fikirlərini Teleqraf.com-la bölüşüb. O, dünyasını dəyişənlərin yaxın qohumlarına, həmkarlarına dərin hüznlə başsağlığı verib: “Çox ağır itkidir, pis hadisədir. Bu, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı bəyannaməyə və onun bəndlərinə tamamilə ziddir. Ermənilərin Qarabağda basdırdığı minaların xəritəsini verməsi bir yana, erməni terrorçuları və diversant qrupları, hökumət və dövlət tərəfindən şüurlu şəkildə Azərbaycanın dövlət sərhədlərini pozaraq yeni minalar basdırır. Ermənistan imzaladığı aktlara zidd gedir, özünün terrorçu və təxribatçı xislətini bir dövlət olaraq bir daha göstərir. Bunun sübutu kimi bilərik ki, hazırda Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Fransaya səfərində söylədi ki, 10 noyabr bəyannaməsinə bir kağız parçasından başqa bir şey kimi münasibət bəsləmir. Bu o deməkdir ki, Ermənistan öz öhdəliklərinə barmaqarası baxır və onları yerinə yetirmək istəmir. Eləcə də kommunikasiyaların birtərəfli şəkildə açılmasını öz xeyirlərinə qəbul edirlər, yəni Laçın dəhlizinin işlək halda olması onlara məqbuldur. Amma imza atdıqları Zəngəzur dəhlizinin və Azərbaycanın müəyyən mənada xeyrinə olan digər kommunikasiyaların açılmasına zidd gedirlər”.
Ekspertin qənaətincə, Azərbaycan növbəti addım kimi, beynəlxalq strukturlara müraciət edəndən sonra Laçın dəhlizinin bağlanmasına getməlidir: “Ermənistan normal söz başa düşmür. Laçın koridorunu bağlayaq ki, onların ağlı özünə gəlsin. Əgər hələ də Azərbaycan ərazisində yaşayan ermənilərin taleyi Ermənistandakıları narahat edirsə, özlərini düzgün aparmalıdırlar və bütün təxribat aktlarından əl çəkməlidirlər.
Bizim jurnalistlər də, vətəndaşlar da öz torpaqlarında rahat gəzməlidir. Biz bunu tələb edirik və təmin də edəcəyik”.
Media eksperti Zeynal Məmmədli də şəhid olanların yaxınlarına və həmkarlarına baş sağlığı diləyib. O, təəssüflə yeni-yeni itkilərin şahidi olduğumuzu bildirib: “Amma burada təkcə jurnalistlər həlak olur deyə, məsələni qabartmaq lazım deyil. Kim ölürsə ölsün məsələ daim diqqət mərkəzində olmalıdır. Müharibə bitəndən sonra minaların xəritəsi məsələsi məni daim düşündürüb. Bu gün Azərbaycan haqlı olaraq bunu Avropa Məhkəməsinə çıxarır. Burada diplomatik, hüquq-mühafizə fəallığı ilə yanaşı, bütövlükdə cəmiyyətin də ictimai rəydə fəallığı lazımdır. Çünki ərazilərin minalardan təmizlənməsi 10 illərlə vaxt apara bilər. Bu, insan tələfatı ilə yanaşı, eyni zamanda çox böyük xərc tələb edir.
Minaların müxtəlif növləri var. Hətta ərazilər minalardan təmizlənsə və bələdçi olsa belə, minaaxtaranlar hansınısa tapa bilir, hansınısa tapa bilmir. Onsuz da bu ərazilərdə bizi çox böyük işlər gözləyir. Bu işləri minimuma endirmək üçün hamılıqla çalışmalıyıq. Dövlətimiz dövlətlərlə, yerli media beynəlxalq medianı, bir sözlə kim hansı dildə yazıb çatdıra bilirsə o dildə dünya məlumatlanmalıdır”.