18 İyun 2021 19:30
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüvədi kəndinin 452 ailəsi BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in fəaliyyətdə olan sədrinə, Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assambleyasının prezidentinə, eləcə də UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıb. Müraciət iki istiqamətlidir.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev bildirib.

O qeyd edib ki, birinci istiqamət məcburən tərk etdikləri tarixi əraziyə qayıtmaq və qonşu kəndə yaşayan ermənilərlə bərabər həmin ərazidə dinc yanaşı yaşamaq qaydalarına əməl etməklə yaşamaqdan ibarətdir:

“Azərbaycan xalqı multukultural və tolerant bir xalqdır. Respublikamızın ərazisində çoxlu sayda xalqların nümayəndələri yaşayırlar. Biz də erməni xalqını çağırırıq ki, bu təhlükəsizliyə əməl etsinlər. Biz öz doğma yurdumuza qayıtmaq və orada yaşamaq istəyirik”.

Əmir Əliyev qeyd edib ki, ikinci istiqamət Nüvədinin tarixi mədəniyyət abidələri ilə bağlıdır:

“Ermənilər onları dağıdıblar və dağıtmağa davam edirlər. Ona görə də biz dünya ictimaiyyətinə, ilk növbədə UNESCO və İSESCO-ya müraciət edirik ki, bu dağıntıların qarşısını alsınlar. Bu kənd 300 ildən çox, bəlkə də 400 ilə yaxın Nüvədi kəndi adlanıb. İndi onun adını dəyişərək eybəcər bir ad – Nrnadzor qoyublar. Bu böyük bir mədəni soyqırımının tərkib hissəsidir. Tarixi-dini mədəniyyət abidələrinin dağıdılması ilə bərabər yer adlarının dəyişdirilməsi UNESCO konvensiyası ilə qadağandır. Ermənistan da həmin konvensiyaya qoşulub. Ona görə də biz beynəlxalq təşkilatlara çağırış edirik ki, bizim qayıdışımıza təminat versinlər. Biz bu gün dinc yanaşı yaşamaq prinsipini əsas tuturuq”.

Əmir Əliyev regionda yaranmış yeni geosiyasi reallıq şəraitində Nüvədi sakinlərinin bu tələblərinin həyata keçirilməsinin real olduğunu vurğulayıb.


Müəllif: Səxavət Həmid