4 Noyabr 2014 12:56
1 848
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Payız gəldimi, günümüz qara olur. Adam küçəyə çıxmaq istəmir. Yollarımız bərbad haldadır. Hara müraciət edirik, baxacaqlarını deyirlər. Amma illərdir bu gündəyik, nə gələn var, nə baxan, arada gəlib, yollara daş töküb gedirlər. Bəzən olur ki, nəsə ediblər. Yollarımıza ayaqqabı da dözmür. Küçəyə çıxanda dizə qədər palçığa batırıq. Heç ucqar kəndlərdə də belə vəziyyət yoxdur. Hər yerə “Təmiz Binəqədi” yazıb vurublar. Küçələr, yollar bərbad gündədirsə, "təmiz" yazmağın nə mənası?"

Bunu Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin sakini Leyla Abbasova deyir.

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan Vüsal Tağızadə illərdir yolların bərbad halda olduğunu və düzələcəyinə ümidlərinin kəsildiyini deyir:

“Əvvəllər də yollarımız çox bərbad idi. Taksi sürücülərinə yüksək qiymət təklif etsək də, Sulutəpəyə getmək istəmirdilər, çünki palçığa batıb qalırdı. Dəfələrlə aidiyyəti qurumlara şikayət etməyimizə baxmayaraq, yolları düzəldən olmadı. “Eurovision” yarışması keçiriləndə əsas yolu asfaltladılar. Ara küçələr isə bərbaddır. Ötən il qonşularla hər evə 50 manatdan toplayıb öz küçəmizə daş tökdürdük. İndi o daşlardan da əsər-əlamət qalmayıb. Palçıq udub hamısını. Hər gün işə gələndə dizə qədər palçığa batıram. İnsanlar məni elə görəndə palçığın içində yaşadığımı zənn edir. Halbuki “Təmiz Binəqədi”nin bir qəsəbəsində yaşayıram”.

Problem yalnız rayonun bu iki ünvanı ilə məhdudlaşmır. Rayon ərazisində hara baxsanız, bu cür mənzərə ilə qarşılaşa bilərsiniz. Elə bizim redaksiyanın yerləşdiyi ərazi də yuxarıda qeyd olunanlardan geri qalmır. Vəziyyət o həddə çatıb ki, avtobusdan düşüb ofisə qədər olan 20 metr məsafəni qət edənədək dizə qədər palçığa batırıq.

Məlumat üçün bildirək ki, bu ilin iyul ayından Rayon İcra Hakimiyyəti “Təmiz Binəqədi” layihəsinə start verib. Məqsəd Binəqədini təmizləmək, abadlaşdırmaq idi.

Layihədə "Ən təmiz obyekt", "Ən təmiz uşaq bağçası", "Nümunəvi səhiyyə müəssisəsi", "Ən təmiz fərdi ev" və sairə bu tipli müsabiqələr, məişət tullantılarının çeşidlənməsi, ekoloji mühitin daha da sağlamlaşdırılması işinə töhfə olaraq yanma mexanizmləri nasaz olan bütün növ nəqliyyat vasitələrinin rayon ərazisində hərəkətinin məhdudlaşdırılması əks olunub. Planda layihə ilə bağlı posterlərin hazırlanması, binalara vurulması, sakinlərin məlumatlandırılması göstərilib.

İcra başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə layihə ilə bağlı yaradılan komissiyanın hesabatından məlum olur ki, layihə çərçivəsində köynək, bayraq, təqvim, çanta, poster hazırlayıb sakinlərə paylayıblar, binaların fasadlarını al-əlvan rənglərə boyayıblar, zibil qutularını rəngləyiblər. Layihə üçün ayrılmış büdcə beləcə gərəksiz tədbirlərə xərclənir, göyə sovrulur.

Gördüklərimizi və şikayətləri yazdıq. Lakin qarşı tərəfin fikirlərini öyrənmədən yazını dərc edə bilməzdik. Buna görə də təxminən iki həftə əvvəl İcra Hakimiyyətinə zəng vurub görülən və görülməyən işlərlə bağlı suallarımıza aiddiyyəti şəxslərdən cavab almağa çalışdıq. Bizə icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarovanın nömrəsini verdilər. Günlərlə Nuridə xanımı yerində tapa bilmədik. Sonda şöbənin əməkdaşları onun ya iclasda, ya da tədbirdə olduğunu dedilər. Əlaqə nömrəmizi götürərək Nuridə xanımın bizimlə əlaqə saxlayacağına söz verdilər. Günlər keçsə də, verdiyimiz nömrəyə zəng edən olmadı.Biz də məcbur qalıb suallarımızı buradan ünvanlamalı olduq.

“Təmiz Binəqədi” layihəsinin icrası üçün nə qədər vəsait ayrılıb? İndiyə qədər layihə çərçivəsində hansı işlər görülüb və bunun üçün nə qədər maliyyə sərf olunub?

Binəqədi ərazisindəki məhəllələrarası yolların bərpası layihədə nəzərdə tutulubmu?

Qələm, bayraq, köynək, çanta hazırlayıb paylamaqla Binəqədini necə təmizləmək, abadlaşdırmaq mümkündür?


Layihənin icrası Avropa Olimpiya oyunlarına qədər başa çatmalıdır. Amma ortada göz görəcək nə bir iş, nə Təmiz Binəqədi var. Görünən Binəqədinin xəndək dolu, lehməli yolları, zibil basmış küçələridir.


Müəllif: