4 Noyabr 2014 15:00
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 11-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “Uşaqların internet təhlükəsizliyi” mövzusunda “dəyirmi masa” keçiriləcək.

Teleqraf.con xəbər verir ki, “Dəyirmi masa”da internetdə yayılan təhlükəli, yönləndirici informasiyaların, uşaqların psixologiyasına təsiri və bunlarla mübarizə yolları ətrafında müzakirələr aparılacaq.

Bu barədə nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları” aylığı keçirilir.

“Hər bir uşağın qayğısına qalaq!” devizi ilə keçirilən bu aylıq çərçivəsində ölkəmizin şəhər və rayonlarında uşaq hüquqlarının effektiv təmininə və təbliğinə yönəlmiş maarifləndirmə tədbirləri, “dəyirmi masa”lar, treninq-seminarlar, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində müsabiqələr, sərgilər təşkil olunur.

Aylığın məqsədi uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının müdafiəsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır”.

İLHAMƏ


Müəllif: