30 İyun 2021 12:08
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərində, restoranlarda toy mərasimlərində iştirak edən şəxslər tam vaksinasiyadan keçməlidir. Yəni müvafiq COVID pasportu, yaxud immunitet sertifikatı olmayan şəxslər həmin restoranlarda tədbirdə iştiraka buraxılmayacaqlar”.

Bunu Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bununla bağlı ərazi polis orqanları, eləcə də Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin əməkdaşları fəaliyyətinə icazə verilən restoran və ictimai iaşə obyektlərinin rəhbərlikləri ilə müvafiq görüşlər keçirilib, onlayn formatda təlimatlandırma və maarifləndirmə işi aparıb: “Burada əsas məqsəd Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq işin effektiv təşkilindən ibarətdir. Heç bir halda müəyyən olunan normaya uyğun fəaliyyət göstərməyə çalışan restoranların işinə imkan verilməyəcək”.

Maraqlıdır, toyda COVID pasportu və ya immunitet sertifikatı olmayan şəxs iştirak etdiyi halda məsuliyyət kimin üzərinə düşür?

Qurum rəsmisi qeyd edib ki, bu halda restoran rəhbərliyi ilə toy sahibi məsuliyyətə cəlb edilə bilərlər: “İştirak edən şəxsə gəlincə, bu, karantin rejimi qaydasının pozulması deməkdir. Əgər bu hal aşkarlanırsa, həmin şəxs barəsində 211-ci maddənin 1-ci hissəsinə uyğun olaraq barəsində inzibati tənbeh tədbiri görülə bilər. İnzibati Xətalar Məcəlləsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaq 1 aylıq müddətdə inzibati həbs təsdiq olunur, hüquqi şəxslər 5 min manatdan 11 manatadək qanunvericiliyə uyğun olaraq cərimə nəzərdə tutulur. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanununvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər”.

Rayon və kənd yerlərində əksər toy sahibləri mərasimlərini çadırlarda keçirməyə üstünlük verir. Belə hallar qanunla necə tənzimlənir?

Elşad Hacıyev deyib ki, rayon və kənd yerlərində həyətyanı sahələrdə, çadırlarda 50 nəfərlik toy şənliyinin keçirilməsinə icazə var: “Burada əsas tələb odur ki, tibbi maskadan istifadə edilməlidir. Çünki ora dəvət olunan şəxslərin COVID pasportu və immunitet sertifikatı yoxlanılmır, bu da həyat və insan sağlamlığı üçün risk daşıyır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tələb olunur ki, mütləq qaydada tibbi maskadan istifadə edilməlidir. Bununla bağlı rayon icra hakimiyyətləri və rayon polis orqanları, eləcə də bələdiyyələr vətəndaşlarla iş aparır ki, tədbir keçirilən ünvanlarda sıxlıq normasına əməl edilsin və 50 nəfərdən artıq şəxs həmin tədbirlərə dəvət ediməsinlər. Günlərdir bununla bağlı işin əsas məqsədi ona yönəlib ki, maarifləndirmə və təbliğat işini genişləndirməklə vətəndaşlarımız məlumatlı olsunlar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər