5 Noyabr 2014 16:20
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Məmmədyarov: “Ermənistan öz qoşunlarını işğal olunmuş torpaqlardan çıxaracaq, gec-tez məsələsi var”

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqton noyabrın 4-də Azərbaycana səfərə gəlib.

Teleqraf.com-un məlumatına görə, D.Lidinqton noyabrın 5-də xarici işlər naziri Elmar Məmmədyarovla görüşmək üçün Xarici İşlər Nazirliyinə gəlib. D.Lidinqton və E.Məmmədyarov əvvəlcə ikitərəfli görüş keçiriblər. Daha sonra nazirlər nümayəndə heyətlərinin iştirakı ilə bir araya gəliblər. Çoxtərəfli görüş başa çatdıqdan sonra E.Məmmədyarov və D.Lidinqtonun birgə mətbuat konfransı keçirilib.

Elmar Məmmədyarov bildirib ki, geniştərkibli görüşdə ilk növbədə regiondakı vəziyyət müzakirə olunub: “Bildiyiniz kimi, bu yaxınlarda cənab Lidinqton Yerevanda səfərdə olub. Mən cənab Lidinqtona Qarabağ bu yaxınlarda keçirilmiş Paris görüşü barədə məlumat verdim. Bildirdim ki, münaqişənin həll olunması regionda gedən inkişafa daha böyük imkanlar açacaq. Bir daha demək istəyirəm ki, əgər biz doğrudan da sülhə nail olmaq istəyiriksə, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Bu böhran 20 ildən artıqdır davam edir”.

Devid Lidinqton isə Azərbaycana səfəri çərçivəsində qaçqın və məcburi köçkünlərlə görüşdüyünü bildirib: “Bunu münüqişənin ağrılarını mənə onlarla görüşdə xatırladıblar. Bu bu münaqişə nəticəsində itkilər, ölümlər gördük. Bütün bunlar qəbulolunmazdır. Bu münaqişə Avropanın bu hissıəsində sabitliyi pozan əsas hadisələrdən biridir”.

Britaniyalı nazir ölkəsinin Dağlıq Qarabağ münaqişəsini məqsədli şəkildə müzakirə etdiklərini vurğulayıb: “Biz Britaniya olaraq Minsk qrupu ilə birgə hansı tədbirlər görə biləcəyimizi, hansı töhfəni verə biləcəyimizi nəzərdən keçirdik. Biz Londonda oturaraq sizə tövsiyələr verə bilmərik. Biz bu münaqişənin həllinin tapılmasını istərdik. Digər tərəfdən Azərbaycan və Ermənistan tərəfi rəsmi və qeyri-rəsmi səviyyədə bir-birləri ilə daha çox təmasda olmalıdırlar”.

D.Lidinqton Dağlıq Qarabağ münaqişəsinin həllində beynəxlaq təcrübədən yararlanmağın da prioritet məsələ olduğunu deyib: “Bəlkə də bu münaqişə ATƏT-in Madrid, yaxud Helsinki zirvə görüşlərində həll oluna bilərdi. Mən düşünürəm bu iş nə qədər tez həll olunsa, bir o qədər yaxşı olar. Bizim münaqişələrlə bağlı İrlandiya kimi təcrübəmiz var”.

E.Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsinin İrlandiya münaqişəsi qədər uzanacağına inanmadığı bildirib. Nazir daha sonra deyib: “Ümumiyyətlə, artıq prinsiplər müəyyənləşdirilib. Fransa prezidenti tərəfindən də Paris görüşündə böyük sülh sazişi üzərində işə başlamağın vacibliyinə dair fikir səslənib. Azərbaycanın mövqeyi birmənalıdır. Gec-tez məsələsi var. Ermənistan öz qoşunlarını işğal olunmuş torpaqlardan çıxaracaq. Azərbaycan tərəfi böyük sülh sazişi üzərində işə başlamağa razıdır və hazırdır. Prinsiplər siyasi, saziş isə hüquqi sənəddir. Saziş ratifikasiyadan keçmılidir. Ona görə də biz gərək böyük sülh sazişi üzərində işə başlayaq. Artıq hamıya bəllidir ki, Ermənistan öz qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmalıdır. Ayrı cür ola bilməz. Çünki ayrı cür sülh gələ bilməz. Gərək, bütün hərbçilər, bütün qoşunlar öz kazarmalarına qayıtsınlar”.

Səxavət


Müəllif: