13 İyul 2021 17:00
1 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibb elmləri doktoru, professor Adil Qeybulla Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Adil doktor, ötən gün Daxili İşlər Nazirliyi (DİN) toyların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət etdi. Müraciətdən də məlum olur ki, toyların keçirilməsi ilə bağlı qoyulan tələblərə riayət olunmur. Müxtəlif ölkələrdə "Delta" ştammının sürətlə yayıldığı xəbərlərinə demək olar ki, hər gün rast gəlirik. Belə bir vəziyyətdə toyların keçirilməsinə münasibətiniz necədir?

- Daxili İşlər Nazirliyi özü qəbul olunan qərardan irəli gələn tələblərə ciddi nəzarət etməlidir. İnsanlar bu işlərin fərqində deyillər. Çünki əvvəla, toyların keçirilməsinin dəqiq formatı müəyyən edilməli idi. Toylarda icazə verilən saydan artıq qonaqlar iştirak edir, qapalı mühitdə olurlar və heç bir karantin davranışları gözlənilmir. Bu da böyük yoluxma potensialı yaradır. Qısa müddətdə yoluxma sayında nə qədər artımın olmasını görəcəyik. Axı belə olmaz. Buna dəqiq və ciddi nəzarət edilməli idi. Müxtəlif şayiələr gəzir və bunu DİN də eşidir. Məsələ ilə bağlı təcili addımlar atılmalıdır.

- Təcrübə göstərdi ki, insanlar vaksin olunsa da koronaya yoluxa bilir. İnsanlar arasında narazılıqlar var ki, testlərin qiyməti ucuz olsa, toya getmədən öncə özlərini yoxlatdırardılar. Sizcə, testin qiymətində dəyişiklik ola bilərmi? Ümumiyyətlə, bir həkim kimi hesab edirsizmi testin qiyməti aşağı salınmalıdır?

- Təəssüflər olsun ki, vaksinasiya olunanlar arasında yenidən yoluxmalar var. Həmçinin antikor testləri də göstərir ki, immunitet formalaşmayıb. Bu, xeyli narahatlıq doğurur. Əlbəttə, testlərin qiyməti xeyli ucuz olmalıdır. Testlər alver predmetinə çevrilib və bunun üzərində böyük bir biznes quranlar var. Əgər qiymətlərə dəyişiklik edilməzsə, əhali üçün çətinlik törədəcək. Məsələn, yaxşı olardı ki, toyların formatı tərtib olunarkən hər bir şəxs şənlikdən bir neçə saat öncə mütləq test verərdi. Testlərin qiyməti normal olduğu təqdirdə, hətta toy üçün testləri xüsusi ucuz qiymətə etmək olardı. Pandemiya ilə mübarizəyə büdcədən kifayət qədər vəsait ayrılıb. Bu vəsaitlər hara gedir?! Bəs insanların bundan fayda görməsi nədədir?! Əlbəttə, bu işin təşkilində korperativ maraqlar ortada olduğu üçün bu millət əziyyət çəkir. Əslində testin qiyməti optimal olmalı idi. Hesab edirəm ki, Operativ Qərargah toyların keçirilməsi ilə bağlı format vermədi, elə ümumi icazə verdi. Halbuki dəqiq və detallı bir format olmalı idi. Neçə nəfərin açıq havada, neçəsinin qapalı şəraitdə toyda iştirak edə bilməsi, həmçinin hər iki şəraitin şərtləri, testlərin olunması kimi digər məsələlər toy formatına daxil olunmalı idi. Yoxsa vaksin olunanlar toyda iştirak etsin... Təcrübə göstərir ki, vaksin olunan şəxslər də xəstələnə bilir və onlar yoluxmuş halda da ora gələ bilərlər. Bütün bunların hamısı xeyli narahatlıq doğurur.

Ortada pandemiyadan kifayət qədər təcrübə var, bəs bundan yararlanmaq lazım deyil?! Təəssüflər olsun ki, bütün bunlar böyük bir yoluxma potensialı yaradır və xəstəlik də sürətlə artmaqdadır. Nəzərə alsaq ki, vaksin olunanların arasında immunitet formalaşmayanlar çoxdur, "Delta" ştammı Azərbaycanda böyük bir yoluxma potensialı yaratsa, hansı mənzərənin olacağı xeyli qaranlıq görünür. Düşünürəm ki, təcili olaraq müəyyən tədbirlər görülməlidir. Xüsusilə qapalı mühitlərdə karantin qaydalarına ciddi şəkildə nəzarət gücləndirilməlidir.

- Belə fikirlər səslənir ki, "Delta" ştammı uşaqlar arasında sürətlə yayılır. Məlumdur ki, ölkəmizdə də uşaqların bir sıra tədbirlərdə iştirakı üçün COVID pasportu və ya vaksinasiyası kimi tələblər yoxdur. Bu baxımdan uşaqlar arasında vəziyyət necədir?

- Ümumiyyətlə, "Delta" ştammında S zülalında baş verən bir fraqmentdəki mutasiya dəyişiklikləri virusun xassəsinə xeyli təsir edib. Nəticədə artıq 12-20 yaşa arasında olan uşaq və gənclərdə xəstəlik xeyli klinik əlamətlərlə özünü göstərir. Hətta əvvəllər uşaqlarda xəstəlik subklinik formada keçirdisə, indi artıq müəyyən əlamətlərlə baş verir. İntoksikasiya əlamətləri kifayət qədər narahatlıq doğurur. Çünki bu dalğa geniş bir arealı əhatə edərsə, bu zaman xəstələnmə kontingenti də çox ola bilər. Yenə də stasionar yer çatışmazlığı, xəstələrin ambulator şəraitdə müalicəsinin çətinləşməsi, eləcə də təşkilatı işlərin mürəkkəbləşməsi kimi problemlər yaşana bilər. Yəni epidemioloji vəziyyətin hər an pisləşməsi göz önündədir. Bu baxımdan hesab edirəm ki, biz hər şeyə hazır olmalıyıq. Qapalı mühitdə karantin davranışlarının gözlənilməsinə xüsusi əməl etməliyik.


Müəllif: Yeganə Oqtayqızı