22 İyul 2021 14:50
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış media qurumlarının rəhbərləri ilə Bakı Ali Neft Məktəbində (BANM) media tur keçirilib. Tanınmış jurnalistlər Rəşad Məcid, Vüsalə Mahirqızı, Elxan Şükürlü, Aynur Camalqızı, Elnur Məhərrəmli, Vüsal Məmmədov, Elşad Eyvazlı və Əfsələddin Ağalarov yaradılan şəraitlə tanış olublar.

Ali Məktəbin rektoru Elmar Qasımov tədris kampusunu ziyarət edən media kapitanlarına tədris və tədqiqat mühiti ilə bağı ətraflı məlumat verib. Media nümayəndələri tədris otaqları, tədqiqat laboratoriyaları, idman kompleksi ilə yaxından tanış olublar. Ali Məktəbdə yaradılan Neft Muzeyindəki eksponatlar media nümayəndələri tərəfindən maraqla qarşılanıb.

Elmar Qasımov rəhbərlik etdiyi Ali Məktəbin tələbələri və məzunlarının uğurları barədə məlumat verib. Qeyd edib ki, BANM qəbul göstəriciləri, prezident təqaüdçülərinin sayı ilə liderliyini qoruyur. Builki məzunların uğurlarından da bəhs edən rektor bildirib ki, BANM məzunları dünyanın 16 ölkəsinin 50 universitetində magistratura və doktorantura pilləsində ali təhsillərini davam etdirəcəklər. Eyni zamanda məzunlarımızdan 7 – si ABŞ, 6 – sı isə DAAD proqramı üzrə Almaniyanın tanınmış ali məktəblərində təhsil alacaqlar.

Ali Məktəbdə yaradılan yüksək səviyyəli, müasir standartlara cavab verən şəraiti təqdir edən jurnalistlər bu ali təhsil ocağının nümunə olduğunu bildiriblər. Rektor Elmar Qasımov onlarla söhbət zamanı vurğulayıb ki, prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olaraq yüksək ixtisaslı, ingilisdilli kadrlar yetişdirmək missiyasını bundan sonra da davam etdirəcəyik.


Müəllif: Teleqraf.com