26 İyul 2021 16:18
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda casusluqda, qanunsuz silahlı birləşmə yaratmaqda, dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorq Rubenoviç barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün günün ikinci yarısında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda təqsirləndirilən Sujyan Gevorq Rubenoviçin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O istintaqda ifadəsində deyib ki, sentyabrın 29-da Davit Davtyanla birlikdə görüşərək Qarabağa yollanıblar: "Yola çıxanda Davitə xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyimi dedim. Mən ona taprışıqları izah elədim. O da dedi ki, Ermənistana xeyri olan hər şeyi edəcək, məlumatları toplayaraq Artaka ötürəcək.

Həmin gün maşınımla yola çıxdıq. Gorusa gələrək, ordan Laçın dəhlizinə keçdik. Xankəndin şəhərində məskunlaşdıq. Orada hərbi qulluqçularla görüşdük və hərbi əməliyyatlarda iştirak etmək istədiyimizi dedik. Bizi qəbul eləyib Xocavənd istiqamətinə apardılar. Orada hər ikimizə silah verdilər. Həmin silahlardan əlavə partlayıcı maddələr və qumbaralar da var idi.

Biz ən yaxın təmas xəttində döyüşlərdə iştirak etmişik. Bizimlə döyüşdə olanlardan birindən snyaper aldım və döyüşlərdə istifadə etdim. Mən və Davit Azərbaycan tərəfinin yerləşdiyi əraziləri, təxmini əsgər saylarını Artaka göndərirdik. Məlumatları bəzən mən, bəzən də Dabit atırdı. Artak bizə yeni tapşırıqlar verirdi. Tapşırıqlar ondan ibarət idi ki, azərbaycanlı hərbiçilərin yerini dəyişərsə, dərhal ona deyək.

Bir müddət sonra İrəvana gələrək topladığımız məlumatları Artaka ötürdük. O bizə Azərbaycan Silahlı Qüvvələrin yerləşdikləri ərazilərə daha yaxın gedərək dəqiq məlumatları almağı istədi. Davitlə taprışıq əsasında yenidən döyüş bölgəsinə qayıtdıq".

Təqsirləndirilən şəxs deyib ki, Xocavəndin Çarpar kəndi yaxınlığında döyüşlərdə iştirak edib: "Gecə qaranlıqdan istifadə edərək Davitlə birlikdə azərbaycanlı hərbiçilərin yaxınlığına getdik, çəkilişlər apardıq. Artak bizə əsgər sayının daha dəqiq öyrənməyimizi istədi. Biz 28 nəfər azərbaycanlı hərbiçinini saydıq və məlumat verdik. Səhər açılana yaxın öz mövqelərimizə qayıtdıq".

Təqsirləndirilən şəxs daha sonra İrəvana qayıtdıqlarını deyib: "10 noyabr bəyannaməsindən sonra Artak mənə zəng edərək kafeyə çağırdı. Mən Davitlə birlikdə ora getdik. O, Şuşada Azərbaycan ordusunun nə qədər hərbçisinin olmasını, teknika sayını və sair öyrənməyimizi istədi. Bizə gizli şəkildə Şuşaya getməyimizi və məlumatları ona ötürməyimizi istədi.

O, bizə Şuşanın geri qaytarmaq istədiklərini də bildirdi. Biz də Ermənistan üçün bunu edəcəyimizi dedik. Noyabrın 11-də mülki geyimdə yola düşdük. Guya Xankəndində olanlara yardım aparmaq adı ilə yola çıxdıq. Sülhməramlıların yanından keçdik. Şuşaya 1 kilometr qalanda Xankəndi istiqamətinə olan yol ayırıcına girmədik. Şuşaya doğru irəlilədik. Maşını orada saxladıq, sonra piyada getdik.

Biz orada fotoşəkillər çəkirdik. Bu zaman Azərbaycan əsgərləri ilə rastlaşdıq. Onlar bizim kim olduğumuzu və burada nə etdiyimizi soruşdular. Həyacanlı olduğumuzdan suallara cavab verə bilmədik. Şübhələndikləri üçün bizi saxladılar".

Gevorq Sujyan istintaqa verdiyi ifadəni təsdiqləməyib.

Daha sonra digər təqsirləndirilən Davit Davtyan sərbəst ifadə verib. O da Gevorq Sujyanla eyni məzmunlu ifadə verib. Onun sözlərinə görə, Gevorqla dostluq münasibəti olub və ona döyüşlər zamanı humanitar yardımlar aparmaqda kömək edib: "Müharibə zamanı əhaliyə, əsgərlərə yardımlar aparmışıq. Heç bir döyüşlərdə iştirak etməmişəm. 11 noyabrda Xankəndiyə gedən zaman Şuşada Azərbaycan ordusunun əsgərləri tərəfindən saxlanıldıq".

Daha sonra Davit Davtyanın istintaqa verdiyi ifadə elan edilib. O istintaqa ifadəsində bildirib ki, 2011-ci ildə Hadrutda yerləşən hərbi hissədə əsgərlikdə olub: "2013-cü ildən etibarən hərbi xidməti başa vurub, İrəvana qayıtmışam. 2020-ci ildə yazında Gevorq Sujyanla tanış olmuşuq və dostluq münasibətlərimiz yaranıb.

27 sentyabrda müharibə başladı. Gevorq mənə zəng edərək, müharibədə iştirak edib-etməyəcəyimi soruşdu. "Ermənistan üçün hər şey edərəm" dedim. Gevorq 1 ildən artıqdır ki, xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və Artak adlı şəxsdən tapşırıq aldığını söylədi. Mən də Ermənistan üçün onunla razışladım. O mənə tapşırıqları izah elədi.

Tapşırıqlar ondan ibarət idi ki, biz həm döyüşlərdə iştirak edəcəkdik, həm də Azərbaycan ordusun mövqelərini, say tərkiblərini öyrənməliydik. Həmin məlumatları Artaka ötürməliydik".

Davit Davtyan istintaqdakı ifadəsinin davamında Gevorq Sujyanla eyni məzmunlu ifadə verərək qeyd edib ki, Xocavənd istiqamətində döyüşlərdə olublar və Azərbaycan ordusunun mövqelərini öyrənib, Ermənistan xüsusi xidmət orqanlarına ötürüblər.

Proses iyulun 28-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər