20 Avqust 2021 11:15
11 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə virusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Bizim üçün önəmli olan yoluxma əmsalıdır.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, 1 avqustda yoluxma əmsalı 7 faiz idisə, bu göstərici 23 faizdir:

"Bu gün 18 pandemiya xəstəxanası fəaliyyət göstərir ki, onların 11-i Bakıda, 7-i regionlardadır. Ümumilikdə bu günədək respublikamızda 40-a yaxın pandemiya müəssisəsi fəaliyyət göstərib. Əgər avqustun 1-də xəstəxanalarda 808 xəstə var idisə, hazırda bu say 2458-ə çatıb.

Sürətli artım göstərir ki, qaydalara ciddi şəkildə riayət etməliyik. Ehtiyat tibb müəssisələrinin mövcudluğu bizi rahatlaşdırmamalıdır. Bəzən bir region daxilində 2-3 pandemiya xəstəxanası olduqda, digər xəstələr xəstəxanaya yaxınlaşmaqda çox ciddi əziyyət çəkir. Buna görə də digər xəstəxanaların pandemiya müəssisəsinə çevrilməsi doğru deyil. Nəzərə alaq ki, personal bir ildən artıqdır ki, çox ciddi rejimdə çalışır".

O bildirib ki, COVID-ə yoluxan şəxsin hansı simptomları yaşayacağı haqqında artıq məlumatlar var: "Mart ayından bu günə qədər yoluxan insanlar arasında statistik araşdırma aparılıb. Bu statistika göstərir ki, yoluxan insanlar arasında 96 faiz şəxs peyvənd olunmayan xəstələrdir. Bu, çox ciddi rəqəmdir. Süni tənəffüs aparatına qoşulan xəstələrin 97 faizi peyvənd olunmayanlardır. Vəfat edənlərin arasında isə 99 faizi vaksin olunmayan şəxslərdir".

Yaqut Qarayeva qeyd edib ki, vaksinasiya 100 faiz effektiv deyil: "Bu gün ölkəmizdə peyvənd olunanların sadəcə 0,6 faizində yoluxma nəticəsində qospitalizasiya müşahidə olunub".


Müəllif: Aysel Azad