Bu gün hər hansı əlavə məhdudiyyətin tətbiq olunmasına ehtiyac yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Doğrudur, hazırda təzyiq hiss olunur, həkimlərimiz yorulub. Lakin hazırkı vəziyyətin öhdəsindən gələ bilirik. Əgər xəstəxanaların dolma əmsalı çox yüksək olarsa, Operativ Qərargahda növbəti mərhələlərdə məhdudiyyətlərə gedilməsi müzakirə oluna bilər. Bu gün peyvəndin təhlükəsi və effektivliyi haqqında məlumatlar verilib. Peyvəndin effektivliyini rəqəmlərdən də gördük. Artıq əlimizdə olan rəqəmlər nəzəriyyə, yaxud elmi məqalə deyil. Peyvəndin təhlükəsiz olması heç kimdə şübhə doğurmamalıdır".
Şahmar Mövsümov əlavə edib ki, təəssüf, saxta COVID pasportu verən həkimlər də var: "Bu gün vaksin olunub, COVID-ə yoluxanlar istintaq əsasında məlum olur ki, onlar saxta pasport alıblar. Həmin şəxslər hazırda ağır reanimasiya vəziyyətindədir. Bu şəxslər hazırda məsuliyyətə cəlb edilir.
İnsanlar nəinki öz həyatı ilə oynayır, həm də dövlətin siyasətinə xələl gətirirlər. Bütün müvafiq dövlət orqanları bununla mübarizəni davam edəcəkdir. Bir daha xəbərdarlıq edirik ki, saxta pasport verən müəssisələr məsuliyyətə cəlb ediləcək".