Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sentyabrın 5-də sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.
Teleqraf.com xəbər verir ki, simvolik məna olaraq həmin təyyarə "Qarabağ" adını daşıyır.
Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.
Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə olub.
Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikinci radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcəkdir. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.
Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə (HHİ) qülləsinin tikintisi başa çatıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.
Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatıb.
Sentyabrın sonunda istifadəyə verilməsi planlaşdırılan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli beynəlxalq hava limanını “Zəfər yolu” və Şuşa şəhərinə aparan magistral yol ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.
Qeyd edək ki, həmçinin dövlətimizin başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.