“ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda ölkəmizin geostrateji üstünlükləri, eləcə də bölgənin iqtisadi, siyasi və mədəni həyatında oynadığı rolu düzgün qiymətləndirilib”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Ekspert Azərbaycan və ABŞ prezidentlərinin qarşılıqlı məktublaşmalarına diqqət çəkib.
Qabil Hüseynli bunun ABŞ-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacağını bildirib.
Eyni zamanda, bunun Azərbaycan üçün əhəmiyyətinə toxunan ekspert qeyd edib ki, iki lider arasındakı bu əlaqələr ölkəmizin beynəlxalq münasibətləri, təhlükəsizlik və qlobal enerji məsələlərinin həlli baxımından xüsusi əhəmiyyətə malikdir:
“Co Bayden və onun komandası Azərbaycanın bölgədəki strateji əhəmiyyətini daha dolğunluğuyla başa düşməyə başlayıb. Çünki Azərbaycanın həm karbohidrogen ehtiyatları, həm geotrateji mövqeyi, həm də logistik üstünlükləri, yəni ölkəmizin nəqliyyat qovşaqlarının üzərində yerləşməsi, sözsüz ki, ABŞ-la yanaşı, Avropanın da geostrateji maraqları üçün çox prinsipial əhəmiyyətə malikdir.
Mənə elə gəlir ki, Baydenin Azərbaycan prezidentinə son məktubunda ölkəmizin bu geostrateji üstünlükləri, eləcə də bölgənin iqtisadi, siyasi və mədəni həyatında oynadığı rolu düzgün qiymətləndirilib. O, məktubunda qeyd edib ki, ABŞ bundan sonra da Azərbaycanla işləməyə davam edəcək. Bu o uğurlu perspektivdən xəbər verir ki, Amerika özünün geostrateji niyyətlərini həyata keçirərkən, bölgədə Azərbaycanı əsas tərəfdaş kimi seçəcək. Söhbət Xəzər dənizinin dibindən keçəcək Trans-Xəzər qaz kəmərindən gedir. Bu, gələcəkdə neft kəmərinə də çevrilə bilər.
Cənubi Qafqazdan Orta Asiya ölkələrinə çıxış əldə etmək Amerikanın strategiyasında ən mühüm istiqamətlərdən biridir. Bu baxımdan, Cənubi Qafqazın, Azərbaycanın ABŞ üçün önəmi böyükdür. Azərbaycan bu əlaqə zəncirinin əsas halqalarından biridir. Artıq Amerika tərəfi də bunu gizlətmir. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın bölgədəki rolu və önəminə daha çox diqqət ediləcək”.