16 Aprel 2022 12:40
1 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Narkoman məmurların olması barədə cəmiyyətdə kifayət qədər informasiyalar dolaşır. Sadəcə məlumatlar guya qeyri-rəsmi olduğuna görə çox da diqqət cəlb etmir. Amma hamı bilir ki, hansı qurumda vəziyyət necədir”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Fazil Mustafa parlamentin ötən gün keçirilən iclasında dövlət qurumlarında narkotikə qurşanan məmurların olması barədə fikrinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, narkotikə qurşanan məmurları dəqiqləşdirmək üçün gərək əlində konkret testin nəticəsi ola: “Amma testə də fırıldaq gəlirlər. Məlumdur ki, narkoloji analizlərin müxtəlif forması var. Bunu da çox vaxt gizlətmək olur. Analizlər əsasən sidikdən götürülür və dörd gün qalır. Bu, daha ciddi analiz növü hesab olunur. Ona görə də ilk növbədə bunu həll etmək lazımdır.

Əgər bir gün ərzində götürülmüş nümunə analiz edilmirsə, nəticəsi də bilinmir. Bunu əvvəlcədən xəbər etmədən istənilən qurumda həyata keçirmək olar. Çünki hansısa səlahiyyətli vəzifədə bir narkoman oturanda o, digər imkanlarından istifadə edib bunu həm öz siferasında, həm də ümumiyyətlə, cəmiyyətdə yaymağa çalışır. Bu da böyük bir təhlükədir. Bu proseslər yuxarıda gedəndə çox təhlükəli olur. Ona görə ciddi mübarizə aparmaq lazımdır”.

Fazil Mustafa hesab edir ki, test sistemi təkcə hərbçilərə, polislərə yox, hamıya tətbiq olunmalıdır: “Elə olsun Milli Məclis, prokurorluq, o cümlədən bütün dövlət orqanlarına narkoloji test tətbiq olunmalıdır. Bu, kimisə aşağılamaq, narahat etmək yox, cəmiyyəti qorumaq məqsədi güdür. Ona görə biz bu məsələni Milli Məclisdə qaldırdıq.

Hər yanda narkoloji testin tətbiqi adi hal almalıdır və bilinməlidir ki, aludəçilər hansısa şəkildə ciddi vəzifə tutmasınlar. Buna kriminal yanaşılmayacaq, onlar müalicə ala bilərlər. Bu şəxslər öz postundan istifadə edib zərərli vərdişin yayılmasına səbəb ola bilməzlər. Əslində məlum açıqlama da bu məqsədlə verilibdir. Ümid edirəm ki, qaldırdığımız məsələ ciddiyə alınar. Bütövlükdə cəmiyyət olaraq səfərbər olsaq buna nail olmaq olar”.

Deputat təklif edir ki, dövlətin müvafiq qurumları bu funksiyanı üzərinə götürüb bütün dövlət orqanlarında narkoloji testi həyata keçirə bilərlər: “Konkret məmurlar qəfil yoxlamalarla vaxtaşırı narkoloji testdən keçirilməlidir. Bu cür testləri kütləvi şəkildə bütün vətəndaşlara tətbiq eləmək problemdir, amma dövlət qulluqçularına şamil oluna bilər”.


Müəllif: Yeganə Oqtayqızı