Vüqar Zifəroğlu: “16 türk imperiyasının bayraqlarının yanına Səfəvilərin də bayrağı əlavə edilməlidir”
Ceyhun Bayramlı: “Türkiyə Azərbaycanın tarixi dövlətlərini olduğu kimi qəbul eləmək zorundadır”
Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Tunceli vilayətinə səfəri zamanı ölkədə yaşayan ələvilər hökumətdən Şah İsmayıl Xətainin adının əbədiləşdirilməsini istəyiblər. Məlumata əsasən, ölkədə yaşayan ələvilər İstanbulda tikiləcək körpüyə Sultan Səlim Yavuzun adının verilməsindən narahat olduqlarını və buna görə də Boğaziçi körpüsünün adının dəyişdirilərək Şah İsmayıl Xətai körpüsü qoyulması tələbi ilə çıxış ediblər. Həmçinin, bununla yanaşı, ölkə ələviləri hökumətdə ələvi nazir, müşavirlərin təyin olunması istəyi ilə də çıxış ediblər.
Məsələyə münasibət bildirən analitik və Oğuz Müstəqil Araşdırmaçılar qrupunun rəhbəri Vüqar Zifəroğlu qeyd edib ki, Türkiyə hökuməti bunu etməlidirlər. Onun sözlərinə görə, AKP istər bələdiyyə, istərsə də prezident seçkiləri qabağı ələvilərin səsini qazanmaq və ən azından onların CHP-yə səs verməməsini təmin etmək məqsədilə gələcəkdə tələblərinə baxılacağı ilə bağlı vədlər vermişdi:
“İndi də bu vədləri yerinə yetirməyin zamanı çatıb. Nəzərə almaq lazımdır ki, qarşıdan parlament seçkiləri gəlir və AKP ələvilərin ənənəvi olaraq bütünlüklə CHP-yə səs verməsini istəmirsə, tələbləri yerinə yetirməlidir. Bu, məsələnin siyasi tərəfidir. Tarixilik tərəfinə gəldikdə isə Türkiyə tarixi türk imperiyalarının hamısına eyni gözdən baxmağa borcludur. Hesab edirəm ki, məsələ təkcə hansı tikililərə Şah İsmayılın adının verilməsi ilə nəticələnməməli, eyni zamanda, rəsmi şəkildə Türkiyə dövlətinin tarixi ənənə atributu kimi rəsmən qəbul edilən 16 türk imperiyasının bayraqlarının yanına Azərbaycan Səfəvilər Dövlətinin bayrağı əlavə edilməlidir. Bu, zaman-zaman hər iki dövlətin yaxınlaşmasından əndişə duyan bəzi qüvvələrin iki qardaş arasında müəyyən süni narazılıqlar yaratmaq üçün gündəmə gətirdikləri Səfəvi-Osmanlı münasibətləri ilə bağlı məqsədli manipulyasiyaların da qarşısını almış olar”.
Tarixçi alim Ceyhun Bayramlı bildirib ki, Şah İsmayıl Xətainin adının əbədləşdirilməsi ilə bağlı irəli sürülən təklif maraqlıdır. Onun sözlərinə görə, bu təklifin Türkiyə hökuməti tərəfindən necə qarşılanacağını zaman göstərəcək: “Amma istənilən halda Türkiyə gec-tez Azərbaycanın tarixi dövlətlərini olduğu kimi qəbul eləmək zorundadır. Əgər söhbət qardaşlıqdan gedirsə, bunu etməlidir. Eyni zamanda, gələcək perspektiv baxımından iki qardaş xalqın, dövlətin yan-yana əl-ələ fəaliyyət göstərməsi və birgə yaşamını sürdürməsi üçün hər iki xalqın tarixi dövlətləri arasında buzlar qırılsın. Xüsusilə, Türkiyə dövlətçiliyi Azərbaycan dövlətlərinə soyuq münasibəti istiləşdirmək zorundadır. Fakt bundan ibarətdir ki, Azərbaycan dövlətlərinin heç biri tarix boyunca Türkiyə türklərinin tarixi dövlətlərinin ərazisinə sahiblənməyib, dövlətçiliklərinə qarşı hər hansı bir yol tutmayıb. Sadəcə, iki qardaş xalqın tarixi dövlətlərinin bir-biri ilə yaxınlaşdırılması indiki dövrdə lazımlıdır”.
BƏXTİYAR