11 Avqust 2022 13:13
4 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Əziz müəllim, Qərbi azərbaycanlıların statusuna yenidən baxılmasını təklif etmisiniz. Söhbət hansı statusdan gedir?

- Çox təəssüf, bəzən belə fikirlər eşidirik ki, guya 1988-1991-ci illərdə Qərbi Azərbaycandan (indiki Ermənistandan) gələn qaçqınların qaçqınlıq statusu ləğv olunub. Maraqlıdır ki, bunu deyənlər də çox vaxt müxtəlif idarə, müəssisə rəhbərləri, kiçik məmurlar olur. Bunun arxasında, adətən, yaxalarını məsuliyyətdən kənara çəkmək niyyəti durur.

Halbuki “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Prezidentinin 23 avqust 2001-ci il tarixli və bu gün də qüvvədə olan Fərmanında bu status birdəfəlik təsbit olunub.

Sənəddə deyilir: “…Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması problemlərinin və bununla bağlı digər məsələlərin həlli məqsədilə qərara alıram: Etnik təmizləmə nəticəsində Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlılara Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydası” əsasında verilən “Qaçqın” statusu qüvvəsində saxlanılsın”.

Mən Parlamentin plenar iclaslarının birində bu statusa yenidən baxılması zərurətindən danışmışam və bu gün də həmin fikirdə qalıram.

44 günlük Vətən Müharibəsi nəticəsində qazandığımız möhtəşəm Zəfərdən sonra bölgədə yeni reallıq formalaşıb və bu reallıq bizdən də öz hədəflərimizə yenidən baxmağı tələb edir. Bu səbəbdən biz, Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, bundan sonra fəaliyyətimizi Qərbi Azərbaycan İcması olaraq davam etdirmək qərarına gəlmişik.

Son məqsədimiz son iki əsrdə zaman-zaman erməni vəhşiliyinin qurbanı olaraq doğma yurdlarından qovulmuş soydaşlarımızın dədə-baba ocaqlarına qayıtmasıdır. Bu mübarizədə bütün Azərbaycan xalqından, dünya azərbaycanlılarından və bütün türk-islam dünyasından, dost-qardaş ölkə və xalqlardan dəstək umuruq. Tarixi ədalət bərpa olunmalıdır.

- Təklif etdiyiniz status məsələsinin hansı üstünlükləri var?

- Statusa təklif edəcəyimiz əlavə və dəyişiklik insanlarımızın tarixi yurdlarına qayıdışı uğrunda mübarizəsinə stimul verməlidir.

- Maraqlıdır, Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmaq istəyərlərmi?

- Əgər bu gün belə bir sorğu aparılsa, əmin olun ki, mütləq əksəriyyət bu suala “hə” deyəcək. Əlbəttə, biz həmin insanların təhlükəsizliyi məsələsini də yaddan çıxarmırıq. Bunun üçün ilk növbədə Zəngəzurda, Dərələyəzdə və Göyçədə son 34 ildə ermənilərin köçürülüb yerləşdiyi bütün azərbaycanlı yaşayış məntəqələri boşaldılmalı və sahiblərinə geri verilməlidir.

- Beynəlxalq təşkilatlar qarşısında Qərbi azərbaycanlıların məsələsinə hüquqi qiymətin verilməsi ehtimalı nə qədərdir?

- Bu, eyni zamanda bizim bu məsələyə nə dərəcədə ardıcıl, sistemli və prinsipial münasibət göstərməyimizdən asılı olacaq. Bizim bu mübarizədən geri çəkilmək niyyətimiz yoxdur. İnsanlarımız doğma yurdlarına qayıdana qədər bu mübarizə davam edəcək. Bu məsələ dinc yolla həll olunsa, ermənilər üçün də yaxşı olar, əks təqdirdə biz öz evlərimizə qayıtmağın başqa yollarını axtarmaq məcburiyyətində qala bilərik.

- Ümumiyyətlə, gündəmdə olmadığı halda birdən-birə niyə belə təşəbbüslə çıxış etdiniz?

- Sizinlə razı deyiləm, bu məsələ həmişə gündəmdə olub. Biz Qərbi Azərbaycanlılar tarixi torpaqlarımız uğrunda bir gün belə dayanmadan mübarizə aparmışıq. 1989-cu ildə yaradılan Azərbaycan Qaçqınlar Cəmiyyəti 33 ildir mübarizə aparır. Sadəcə, qarşıda Qarabağ boyda bir problem olduğu üçün biz Qərbi Azərbaycan məsələsini beynəlxalq müstəviyə çıxarmağa çox da can atmırdıq, bütün millətimiz üçün olduğu kimi, bizim üçün də Qarabağ məsələsi hər şeydən vacib idi.

Bu gün artıq yeni hədəfimiz Qərbi Azərbaycandır. Biz tarixi torpaqlarımıza mütləq qayıdacağıq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər