20 Sentyabr 2022 17:42
2 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə hökuməti Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçirilən Avropa Siyasi Birliyinin ilk sammitində iştirak etməyi düşünür.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC rəsmi mənbələrə istinadla məlumat yayıb.

Avropa Siyasi Birliyini yaratmaq ideyasını Makron may ayında irəli sürüb.

Onun sözlərinə görə, bu struktur yaxın gələcəkdə Avropa İttifaqına daxil olmaq perspektivi olmayan ölkələrlə qarşılıqlı əlaqələri yaxşılaşdıracaq.

Ötən həftə Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Lorens Bun Avropa Siyasi Birliyinin ilk iclasının oktyabrın əvvəlində baş tutacağını açıqlayıb. BBC-nin məlumatına görə, Çexiya hazırda Aİ-yə sədrlik etdiyi üçün sammit oktyabrın 6-da Praqada baş tutacaq.

Telekanalın məlumatına görə, İngiltərə hakimiyyəti toplantıda ölkələrin və ya Aİ strukturlarının üstünlük təşkil etməyəcəyinə dair təminat almağa çalışır. London toplantı iştirakçıları arasında Aİ hüdudlarından kənarda olan digər “böyük oyunçular”ı görmək istəyir.

İclasa Avropa İttifaqına üzv dövlətlərdən əlavə Böyük Britaniya, Norveç, Türkiyə, Ukrayna və İsveçrə də dəvət alıb. Bundan əlavə, təşkilatçılar Azərbaycan, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Şimali Makedoniya, Serbiya və Monteneqronu da dəvət ediblər.

BBC vurğulayıb ki, İngiltərə hökuməti yekun qərar qəbul etməzdən əvvəl Ukrayna və NATO rəhbərliyi ilə məsləhətləşəcək. Gözlənildiyi kimi, Avropa Siyasi Birliyinin ilk iclası əsasən Ukraynadakı hadisələrə, eləcə də Avropada iqtisadi və enerji sahələrində vəziyyətə həsr olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər