BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması məsələsini ən çox qaldıran lider Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Məhz Türkiyə lideri imkan düşdükcə Təhlükəsizlik Şurasının 5 daimi üzvünü nəzərdə tutaraq “Dünya 5-dən böyükdür” ifadəsini işlədir. Prezident Ərdoğan BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasını zəruri hesab edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilib.
Mərkəzin ekspertləri ABŞ prezidentinin bununla bağlı fikirlərinə də diqqət çəkiblər:
“ABŞ Prezidenti Co Bayden BMT Baş Assambleyasındakı son çıxışında Ərdoğanın fikrini təkrarlayıb: “BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayını artırmaq lazımdır”.
Baydenin fikrincə, BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi nümayəndələrinin sayının artırılmasına ehtiyac var. ABŞ prezidenti Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri üçün BMT Təhlükəsizlik Şurasında yerlərin ayrılmasını zəruri sayıb.
Ağ Ev sahibi BMT Təhlükəsizlik Şurasının üzvlərinin nadir fövqəladə hallar istisna olmaqla, veto hüququndan istifadə etməkdən çəkinməli olduğunu bildirib. O, bunu ona görə deyib ki, Qərb ölkələrinin bütün təkliflərini adətən Rusiya və bir sıra hallarda Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək reallaşmasına imkan vermir. Bayden BMT Təhlükəsizlik Şurasının “etimada layiq və səmərəli fəaliyyət göstərən” bir qurum olaraq qalması üçün belə tədbirlərin zəruri olduğuna diqqət çəkib. ABŞ prezidenti bu cümləsiylə etiraf edib ki, BMT-nin həm etimadı, həm də səmərəli fəaliyyəti şübhə altındadır”.
Təhlildə bildirilib ki, ABŞ və Türkiyə ilə yanaşı, Yaponiya, Hindistan, Afrika və Latın Amerikası ölkələri də Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması ideyasını dəstəkləyirlər:
“Türkiyə, Yaponiya və Hindistan Təhlükəsizlik Şurasının üzvlüyünə iddialıdırlar. Afrikanın və Latın Amerikasının aparıcı ölkələri – Misir, CAR və Braziliya kimi ölkələr də haqlı olaraq Təhlükəsizlik Şurasının üzvü olmaq istəyirlər.
Bayden və Ərdoğan Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması ideyasını dəstəkləsələr də, bunun reallaşması problematikdir. Məsələn, Türkiyənin Təhlükəsizlik Şurasına üzvlüyünü Fransa, Hindistanın üzvlüyünü isə Çin əngəlləyəcək. Rusiyanın özü də Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasının tərəfdarı deyil. Çünki Kreml bu qurumda ABŞ-ın dostları və tərəfdaşlarının sayının artırılmasını istəmir”.