Azərbaycan sərhədçilərinin Vətən müharibəsində ilk əməliyyat planları açıqlanıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində deyib.
“2020-ci ilin sentyabr ayında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi.
Döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. İlkin olaraq Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Prezident cənab İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində böyük sərkərdəlik məharətini nümayiş etdirərək hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi.
Müzəffər Ali Baş Komandanımızın bu əmrini icra edərək Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdik. Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi, yüzlərlə canlı qüvvəsi məhv edildi. Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdıq, Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərini azad etdik”.
Elçin Quliyev qeyd edib ki, Ali Baş Komandan tərəfindən Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları uğurla icra olunub, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstəriblər.