Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin Ağır Atletika Klubunda olan zaman ştanq qaldırması böyük marağa səbəb olub.
Teleqraf.com xəbər verir ki, kompleksin açılış mərasimində Türkiyənin Dünya və Olimpiya çempionu Halil Mutlu da iştirak edib.
İdmançı Türkiyənin "Sabah" qəzetinə açıqlamasında İlham Əliyevin ştanq qaldırmasına belə münasibət bildirib:
"İlk növbədə ağır atletikanın belə bir səfərdə ön sıralarda olması məni bir idmançı kimi çox sevindirdi və səfərin unudulmaz anları arasında oldu. Amma ştanqı qaldıranda İlham Əliyevə nəsə olacağından çox qorxdum. Allah eləməsin, ağır atletika baxımından orda buna səbəb olduğum üçün üzülərdim.
Cənab prezident gənclərə örnək oldu və göstərdi ki, istədiyiniz zaman uğur qazana bilərsiniz. Cənab İlham Əliyev başladı, inşallah, azərbaycanlı qardaşlarımız davam etdirərlər. Bu ştanqı qaldırmaqda əsas mesaj bu olmalıdır".