24 Oktyabr 2022 10:07
2 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin yeni milli təhlükəsizlik strategiyası ABŞ-ın iki əsas hədəfini göstərib: Rusiya və Çin. 48 səhifəlik sənəd Amerika administrasiyası üçün “yol xəritəsi” mahiyyəti daşıyır. Bu sənəddə Rusiya “imperiya ambisiyaları olan ölkə” kimi, Çin isə “sürətlə imkanlarını artıran dövlət” olaraq dəyərləndirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Təhlildə qeyd olunur ki, ABŞ sənəddə “qlobal maraqları olan dünya dövləti” kimi qiymətləndirilir:

“Sənəddə bildirilir ki, əgər hansısa bölgə xaosa sürüklənərsə və düşmən güclərin nəzarətinə keçərsə, bu ABŞ-ın maraqlarına mənfi təsir edəcək. “Düşmən güclər” dedikdə Rusiya və Çin nəzərdə tutulub. Rusiya və Çin demokratikləşə bilmədiklərinə və qonşu dövlətlərə təhlükə yaratdıqlarına görə, ABŞ bu iki dövlətlə mübarizəsini davam etdirəcək.

Maraqlıdır ki, sənəddə Rusiya 71, Çin isə 55 dəfə xatırlanır. Sənəddə bir çox hallarda bu iki dövlətin ismi birgə yazılıb. Sənəddə Rusiyanın azad dünyaya ciddi təhdid yaratdığı, Çinin isə uzaq perspektivə problemlər yaradacağı vurğulanıb.

“Çin iqtisadi, hərbi və texnoloji gücü hesabına dünya düzənini dəyişə biləcəyindən əsas rəqibdir”, - sənəddə qeyd olunur.

Strateji “yol xəritəsi”ndə Rusiyanın dayandırılması, Çinlə isə rəqabətdə məğlub edilməsin vacibliyi göstərilib”.

Mərkəzin ekspertlərinin fikrincə, ABŞ Rusiya və Çinlə mübarizədə Avropa İttifaqı ilə NATO-nu da yanında görmək istəyir:

“Ancaq bu, hər zaman alınmır. Avropa ölkələrindən Çinin yatırımlarına ehtiyacı olanlar var, NATO üzvləri Türkiyə və Macarıstan isə Rusiya ilə əməkdaşlıqdan imtina etmir.

Milli təhlükəsizlik strategiyasında ABŞ-ın Ukraynaya dəstəyinin davam edəcəyi bildirilir: “Ukrayna iqtisadiyyatının bərpasına və Avropa İttifaqı ilə inteqrasiyasına dəstək verəcəyik”.

Yeni strategiyaya görə, ABŞ Rusiyanın Ukraynada məğlub olmasına çalışacaq.

Beləliklə, Vaşinqton Rusiya və Çinin müxtəlif bölgələrdə maraqları ilə mübarizəsini davam etdirəcək. Vaşinqtonun Cənubi Qafqazda da fəallığı artıb. Vaşinqton Rusiyanın Cənubi Qafqazadakı təsir imkanlarını azaltmağa çalışır. ABŞ bu məqsədlə Cənubi Qafqazın üç dövləti – Gürcüstan, Azərbaycan və Ermənistanla əlaqələrini genişləndirməyə çalışır. Bu üç dövlətdən Ermənistan daha çox Rusiyadan asılıdır. Vaşinqton bu vəziyyəti dəyişmək üçün Ermənistan hökuməti ilə dialoqu genişləndirib. Vaşinqtonun məqsədi Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaqdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər